Bu ilin yanvar ayında Azərbaycandan 8 milyon 195 min dollar həcmində 10 min 915 ton alma ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, alma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1,3 milyon dollar və ya 19,5%, miqdar ifadəsilə isə 209 ton, başqa sözlə 2% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında Azərbaycandan 6 milyon 858 min dollar dəyərində 10 min 705 ton alma ixrac olunmuşdu.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi almanın 1 kiloqramının orta ixrac qiyməti 0,75 dollar (təxminən 1 manat 28 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 0,64 dollar (təxminən 1 manat 9 qəpik) idi. Bu da illik müqayisədə 0,11 dollar (19 qəpik) və ya 17,2% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi ixracın 0,37%-i, qeyri-neft sektoru üzrə ixracın isə 3,05%-i almanın payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,23% və 2,79% olmuşdu.











