Bu ilin ilk 2 ayında Azərbaycana 22 milyon 994 min dollar dəyərində 3 min 556 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 13 milyon 849 min dollar (37,6%), miqdar ifadəsilə isə 1 min 782 ton (33,4%) azdır.
Qeyd edək ki, 2025-ci ilin ilk 2 ayında Azərbaycana 36 milyon 843 min dollar dəyərində 5 min 338 ton kərə yağı idxal edilmişdi.
Bu il ilk 2 ayda ümumi idxalın 0,88%-i kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,89% idi.
Bu ilin ilk 2 ayında kərə yağının 1 kiloqramının orta idxal qiyməti 6,47 dollar (11,00 manat) təşkil edib. Ötən ilin eyni dövründə isə bu qiymət 6,90 dollar (11,73 manat) idi. Bu müqayisə göstərir ki, kərə yağının orta idxal qiymətində 0,43 dollar (0,73 manat) və ya 6,2% ucuzlaşma qeydə alınıb.












