2025-ci il ərzində Azərbaycana 172,6 milyon dollar həcmində 24,9 min ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağı idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 967 min dollar və ya 0,6%, miqdar ifadəsilə isə 4,7 min ton, başqa sözlə 15,9% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 173,6 milyon dollar dəyərində 29,6 min ton kərə yağı idxal olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın idxal etdiyi kərə yağının 1 kiloqramının orta idxal qiyməti 6,93 dollar (11,78 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 5,86 dollar (9,97 manat) idi. Bu da illik müqayisədə 1,07 dollar (1,81 manat) və ya 18,2% bahalaşma deməkdir.
Bu il ümumi idxalın 0,71%-i kərə yağının payına düşüb. Ötən il isə müvafiq göstərici 0,82% olmuşdu.











