2025-ci il ərzində Azərbaycandan 361,3 milyon dollar (614,2 milyon manat) həcmində 378,4 min ton plastmassa və ondan hazırlanan məmulatlar ixrac edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömruk Komitəsinə istinadən xəbər verir ki, plastmassa ixracı ötən illə müqayisədə dəyər ifadəsilə 7,6 milyon dollar (12,9 milyon manat) və ya 2%, miqdar ifadəsilə isə 15,2 min ton, başqa sözlə 3,9% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 368,9 milyon dollar (627,1 milyon manat) dəyərində 393,6 min ton plastmassa ixrac olunmuşdu.
2025-ci ilin nəticələrinə görə Azərbaycanın ixrac etdiyi plastmassanın 1 kiloqramının orta ixrac qiyməti 0,95 dollar (1,62 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 0,94 dollar (1,59 manat) idi. Bu da illik müqayisədə 0,01 dollar (0,03 manat) və ya 1,9% bahalaşma deməkdir.
Bu il ümumi ixracın 1,44%-i, qeyri-neft sektoru üzrə ixracın isə 9,96%-i plastmassanın payına düşüb. Ötən il isə müvafiq göstəricilər 1,39% və 10,99% olmuşdu.











