Bu ilin ilk 10 ayında Azərbaycandan 143,2 milyon dollar həcmində 100,3 min ton pambıq lifi ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, pambıq lifi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 18,2 milyon dollar və ya 11,3%, miqdar ifadəsilə isə 7,4 min ton, başqa sözlə 6,9% azdır.
Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan 161,4 milyon dollar dəyərində 107,7 min ton pambıq lifi ixrac olunmuşdu.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi pambıq lifinin 1 kiloqramının orta ixrac qiyməti 2 manat 43 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 2 manat 55 qəpik idi. Bu da illik müqayisədə 12 qəpik və ya 4,7% ucuzlaşma deməkdir.
Bu il 10 ayında ümumi ixracın 0,66%-i, qeyri-neft sektoru üzrə ixracın isə 4,79%-i pambıq lifinin payına düşüb. Ötən ilin eyni dövründə isə müvafiq göstəricilər 0,71% və 5,75% olmuşdu.











