2025-ci ilin yanvar-may aylarında Azərbaycandan 299 milyon 283 min dollar dəyərində 291 min 393 ton tərəvəz və meyvə ixrac olunub.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 48 milyon dollar və ya 19,1%, miqdar ifadəsilə isə 60 min 486 ton, başqa sözlə 26,2% artıb.
2024-cü ildə isə Azərbaycandan 251 milyon 281 min dollar dəyərində 230 min 907 ton meyvə-tərəvəz ixrac olunmuşdu.
Bu dövrdə Azərbaycanın ixrac etdiyi meyvə-tərəvəzin 1 kiloqramının orta ixrac qiyməti 1 dollar 3 sent (1 manat 75 qəpik) olub. Xatırladaq ki, 2024-cü ilin eyni dövründə bu rəqəm 1 dollar 9 sent (1 manat 85 qəpik) idi. Bu da illik müqayisədə 6 sent və ya 5,5% azalma deməkdir.
Bu il ümumi ixracın 2,7%-i, qeyri-neft sektoru üzrə ixracın isə təxminən 21,3%-i meyvə-tərəvəzin payına düşüb.