Bu ilin ilk 9 ayında Azərbaycandan 100,4 milyon dollar həcmində 13 min 486 ton meşə fındığı ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 27,6 milyon dollar və ya 38%, miqdar ifadəsilə isə 1 min 542 ton, başqa sözlə 12,9% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan 72,8 milyon dollar dəyərində 11 min 944 ton fındıq ixrac olunmuşdu.
Bu ilin ilk 9 ayının nəticələrinə görə Azərbaycanın ixrac etdiyi fındığın 1 kiloqramının orta ixrac qiyməti 12 manat 66 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 10 manat 36 qəpik idi. Bu da illik müqayisə ilə 2 manat 30 qəpik və ya 22,2% bahalaşma deməkdir.
Bu il 9 ayında ümumi ixracın 0,54%-ü, qeyri-neft sektoru üzrə ixracın isə 3,79%-i fındığın payına düşüb. Ötən ilin eyni dövründə isə ümumi ixracdakı payı 0,37% olub.