Bu ilin yanvar ayında Azərbaycana 12,6 milyon dollar dəyərində 1 min 908 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, kərə yağı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 5,5 milyon dollar və ya 30,3%, miqdar ifadəsilə isə 694 ton, başqa sözlə 26,7% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 18,1 milyon dollar dəyərində 2 min 602 ton kərə yağı idxal edilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan kərə yağının 1 kiloqramının orta idxal qiyməti 6,62 dollar (təxminən 11 manat 25 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 6,96 dollar (təxminən 11 manat 83 qəpik) idi. Bu da illik müqayisədə 0,34 dollar (58 qəpik) və ya 4,9% ucuzlaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 0,97%-i kərə yağının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,88% olmuşdu.











