Dekabr ayı daxil olandan Yeni İl adlı “marafona” start verilir. Hər kəs hazırlıq görür. Kimsə Yeni il dekorları almaq üçün dükanlara üz tutur, kimsə səhayət etmək üçün istiqamət seçir, kimsə rayonlarımıza üz tutur, ofislər Sehirli Santa oyununa start verir, valideyinlər övladları üçün tamaşa və şou seçir, restoranlar banket menyuları hazırlayır, qala-konsertlər təşkil edir və s. Bəs biz? Biz isə bu seçimlərin qiymətlərini araşdırıb Sizə təqdim etməklə məşquluq.
FED.az bu dəfə Yeni İl gecəsi üçün xidmətlərdən biri olan bağ kirayəsi haqqında bəhs edir.
Ümumiyyətlə bağ kirayə götürmək istəyənlərin sayı Yeni İl gecəsi üçün yüksək olur. Hətta bir-iki ay qalmış rezerv olunurlar. Çünki bu bağ/kotteclərin üstün cəhətləri var:
1. Yalnız öz əhatəniz
Restoran və hoteldən fərqli olaraq Sizi narahat edə biləcək kənar şəxslər olmayacaq. Özünüzü sərbəst hiss edəcəksiniz. Nə sizin “kompaniyaya” heç kimə maneəçilik törətməz, nə də siz başqalarına. Mahnılar, rəqslər, karaoke, səs-küylü oyunlar - istədiyiniz qədər.
2. Qiymət adamların sayından asılı deyil
Bağ kirayə götürmək sərfəlidir. Birincisi, icarə haqqı birgə gedəcəyiniz insanlar arasında bölünə bilər. İkincisi, qiymət bağa gələcək insanların sayından asılı deyil. Əslində bir bağı icarəyə götürmək bir restoranda və ya klubda qeyd etməkdən daha ucuz başa gəlir.
3. Dərhal tərk etmək məcburiyyətində deyilsiniz
Hər bağda əlbəttə ki, müəyyən sayda çarpayı var. Buna görə də, Yeni il gecəsindən sonra, restorandan fərqli olaraq, qalıb yatmaq olar.
4. Klininqə ehtiyyac yoxdur
Bayramı evdə keçirərsən a, hələ bir dost-tanış, qohum-əqraba da gələrsə , dekabrın 31-i də elə yanvarın 1-i də burnundan gələcək. 31-i evi yığışdır qonaqlar təmiz evə gəlsin, 1 yanvar da yığışdır, qonaqlardan sonra.
5. Hər zövqə uyğun istirahət
Hər bir bağın kirayəsi əlavə xidmətlər və imkanlar yaradır. İstədiyinizi seçin - kifayətdir. Bu gözəl bir tətilə zəmanət veriəcək.
Bu xidmət və imkanlar nədən ibarətdi və kirayə bağlar nə ilə fərqlənirlər?
- Genişliyi ilə
Gələcəyiniz qonaq sayından asıllı olaraq böyük ya nisbətən balaca bağ götürə bilərsiniz. Qiymətində fərq olacaq.
- Lokasiya
Siz həm şəhəriçi villa, Abşeronda bağ, və yaxud rayonda, sivilizasiyadan uzaqda kottec seçə bilərsiniz.
- Əlavə funksiyalar
Sizə daha çox rəqslər üçün böyük zalı olan, uşaq meydançası, bilyard, karaoke, sauna, basseyn, manqal zonası və s əyləncə funksiyaları olan bağlar təklif olunur.
Yəni, Yeni İl üçün bağ icarəyə götürmək, yaxınlarınızın əhatəsində gözəl istirahət etmək üçün əla fürsətdir.
Gələk qiymətlərə. Adi günlər agentliklər tərəfindən kirayə verilən bağların günlük qiyməti 50 AZN maksimum 600 AZN-dək idisə, Yeni İl gecəsi üçün bu qiymətlər 5 dəfə artır. Sorğumuza əsasən hazırda ən ucuz bağ 250 AZN təşkil edir. Lakin bu bağın əyləncə bonuslarının sayı minimaldı. Amma, məsələn, qapalı hovuzla olan bağların günlük qiyməti 500 AZN-dən başlayır. Dekabrın əvvəli üçün tapdığımız günlük qiyməti ən yüksək olan bağın qiyməti isə 4000 AZN təşkil edir.
Bundan başqa hazırda dəbdə olan Qəbələdə kirayə verilən A-frame tipli kotteclərin də qiymətlərini araşdırdıq. Bu bunqaloların özəlliyi görünüşləridir və həmçinin füsünkar təbiətdə yerləşməyidir. Başqa heç bir qış üçün bonus əyləncə daxil deyil. Yeni İl gecəsinin qiyməti 250 AZN. Lakin dekabrın əvvəlinə artıq boş yer qalmayıb.
Digər trenddə olan İsmayıllıda yerləşən “runaway” evləridir. İki nəfərlik qiymət 702 AZN-dən başlayaraq 738 AZN-dək təşkil edir.
Kiçik villalar aləmi sayılan "Sea Breeze"dəki mülkidarlar da Yeni il gecəsinə hazırlaşırlar. Elanlara əsasən 2 nəfərlik 2 gecəlik və qala gecə proqramlı şam yeməyi daxil olmaqla qiymət 1000 AZN təşkil edəcək. Halbuki qeyri-mövsümdə villanın qiyməti aylıq elə təqribi 1000 manat olr.
Əsası odur, əziz oxuxularımız, tətilləri fürsət bilib yaxınlarınızla olub istirahət edin. Ən sərfəlisini biz fed.az olaraq Sizə məsləhət görərik.