Hər Yeni il paytaxtda qurulan yolkaların ətrafında şəkil üçün model olub sakinləri və qonaqları əyləndirən Şaxta babalarla Qar qızların bu il eyni fəaliyyəti gerçəkləşdirmək üçün lisenziyaya daha çox pul xərcləyəcəkləri məlum olub.
Yeni İli yerli hotellərdə qarşılamaq neçəyə başa gələcək – MƏKANLAR və QİYMƏTLƏR
FED.az xəbər verir ki, yeni il personajlarına lisenziya verməkdə məsul olan qurumdan - Bakı Şəhəri İcra Hakimiyyətinin Ticarət Departamentindən bildirilib ki, bu il rüsumun məbləği 90 manat təşkil edir:
“90 manat rəsmi ödəniş edilir. Bununla da lisenziya verilir və fəaliyyət də rəsmi olur. Ötən il isə məbləğ 60 manat idi. Yanvar ayında qanunvericilikdə dəyişiklik oldu. Mövsümi və yüksək ticarət fəaliyyətinə görə rüsum 90 manat təyin olundu”.
Əlavə edilib ki, rüsum saya görə yox, müəyyən olunmuş yerlərə əsasən ödənilir:
“Öncə Şaxta baba və ya Qar qız fəaliyyət göstərəcəkləri yeri müəyyən edir, daha sonra lisenziya üçün müraciət edib, qeydiyyatdan keçirlər. Rüsum şəxslərin sayına görə ödənilmir. Şaxta baba və Qar qız cütlük şəklində rüsumu ödəyib, qeydiyyatdan keçir, bir ay fəaliyyət göstərirlər. Yəni insan sayı bizə önəmli deyil”.
İki il pandemiya müddətində Şaxta baba və Qar qızların sayı əvvəlki illərə nisbətən xeyli azalmışdı. Bu il hansı səviyyədə olacaqları maraq doğurur.
Qurumdan qeyd edilib ki, hələ çox tez olduğundan müraciət edənlər yoxdur:
“Əsasən, dekabrın 15-dən sonra müraciətlər başlayacaq. Müraciət olduğu halda rəsmi şəkildə icazələr veriləcək”.
Qeyd edək ki, paytaxtda Şaxta baba və Qar qızla şəkil çəkdirmək istəyən vətəndaşlar iki-üç manat civarında ödəniş edirlər. (Oxu.az)