«Azərbaycan hökumətinin siyasəti eyni zamanda həm sosialyönümlü, həm də investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz».
FED.az biznes və mavliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində sosial siyasət barədəki sualı cavablandırarkən bildirib.
Dövlət başçısı bildirib ki, bu məsələdə populizmdən uzaq olmağa çalışır: «Həmişə çalışmışam və bu gün də çalışıram populizmdən uzaq olum və mümkün olmayan vədləri verməyim. Mümkün olan inkişafla bağlı Azərbaycan ictimaiyyətini müntəzəm olaraq məlumatlandırıram».
Prezident son 20 ildə minimum əməkhaqqının 40 dəfədən çox artdığını (9 manatdan 400 manata yüksəlib), neft-qaz gəlirlərinin sosial sahə ilə yanaşı, hərbi xərclərə, məcburi köçkünlərə şərait yaradılmasına - 100-dən çox şəhərcik inşa olunaraq 300 mindən çox köçkün yeni evlərlə təmin edilib – sərf edildiyin xatırladıb.
Son yeddi il ərzində 4 milyon nəfəri əhatə edən və 8 milyard manatlıq sosial islahatların aparıldığını deyən prezident xatırladıb ki, təkcə 2025-də bu məqsədlərə 1,4 milyard manat sərf edilib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir.
«Əlbəttə, istərdik ki, daha da çox olsun. Amma bir atalar sözü var: “Gərək ayağını yorğanına görə uzadasan”. Yenə də deyirəm, biz heç vaxt populizmlə məşğul olmamışıq, heç vaxt həlli mümkün olmayan vədlər verməmişik, heç vaxt gələcək nəsilləri borca salmaq üçün haradansa böyük məbləğdə pul alıb onu paylamamışıq. Biz strateji inkişafla bağlı tam, necə deyərlər, aydın mənzərəyə sahibik. Ona görə ölkə iqtisadiyyatı inkişaf etdikcə, ölkənin valyuta ehtiyatları artdıqca, əlbəttə ki, sosial sahəyə daha da böyük vəsait ayrılacaq» - deyə İlham Əliyev bildirib.









