İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizdə əmək və məşğulluq sahəsində islahatların yeni mühüm mərhələsinə keçidi təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) sahibkarlarla müzakirəsinə həsr olunmuş görüş keçirilib.
Eləcə də bax: "Bir tərəfdə çoxlu işsiz, digər tərəfdə müasir peşələrə ehtiyacı olan şirkətlər var"
FED.az xəbər verir ki, dəyirmi masada İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli çıxış ediblər.
ƏMAS-ın funksional imkanları, onun işəgötürənlər üçün faydaları barədə məlumat verilib. “Əmək və Məşğulluq” altsisteminin istifadəyə verilməsinin əmək münasibətləri sahəsində köklü islahat tədbiri olduğu və əmək bazarının bütün iştirakçıları üçün əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, altsistem vasitəsilə əmək müqavilələrinin kağız üzərində deyil, e-qaydada bağlanması, rəqəmsal kadr uçotuna keçilməsi, əmək münasibətləri zamanı kağız üzərində aparılan digər əməliyyatların rəqəmsal müstəviyə keçirilməsi təmin olunur. bu e-platforma işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artırılmasında da xüsusi önəm kəsb edir.
Görüşdə Azərbaycan Sahibkarlar Konfederasiyasının, “Paşa Holding” MMC-in, “Deloitte Azerbaijan”ın, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İB-in, Auditorlar Palatasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan-Fransa Ticarət Palatasının, AMCHAM-ın, Azərbaycan Sənaye Korporasiyasının, “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər” İB-in, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin, “Ernst and Young Azerbaijan”ın, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının və Azərbaycan Türkiyə İş Adamları Birliyinin nümayəndələri iştirak edib.
Müzakirələr zamanı sahibkar təşkilatlarının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.