Dənizkənarı Bulvar ərazisində təşkil olunan "YAŞAT" Fondunun "Zəfər" Yarmarkası başa çatıb.
Eləcə də bax: "Zəfər yarmarkası"ndan əldə olunan gəlir - "YAŞAT" Fonduna Köçürüləcək
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə Fonddan məlumat verilib.
Ümumilikdə 12 gün ərzində Yarmarka müddətində toplanan 64 558.58 AZN (altmış dörd min beş yüz əlli səkkiz manat əlli səkkiz qəpik) vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananlara və şəhid ailələrinə dəstək məqsədi ilə “YAŞAT” Fonduna ianə edilib.
Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan və 29 oktyabr - 9 noyabr tarixini əhatə edən Yarmarka “Qarabağ qəhrəmanlarının izi ilə” mövzusunda baş tutub.
Yarmarkanın təşkilatçıları “YAŞAT” Fondu, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Peyntbol Federasiyası olub.
Müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, zəfər simvolikasına aid müxtəlif suvenirlərin, kitabların və digər məhsulların satışı gerçəkləşib. Eyni zamanda Vətən müharibəsi ilə bağlı silah, geyim və texnikaların nümayişi üçün zona, hərbi oyun meydançaları quraşdırılıb. Bura gələn vətəndaşlar üçün, həmçinin hərbi vətənpərvərlik yarışları, uşaqlar üçün əyləncəli tədbirlər təşkil edilib.
Yarmarkanın hər bir günündə tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə konsert proqramları təşkil edilib.