İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olub.
FED.az xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış bağın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.
Eləcə də bax: "Ağ Şəhərdən ev alanlar əsasən bu məsələlərə diqqət yetirirlər" – MÜSAHİBƏ
Qeyd edək ki, Bakının iki əsas prospektini - Babək və Nobel prospektlərini və Mərkəzi Bulvar küçəsini birləşdirən, “Ağ Şəhər” bulvarına qədər davam edən və uzunluğu 1050 metr, eni 45 metr olmaqla 6 zolaqlı Xaqani Rüstəmov küçəsinin yenidənqurma işləri tamamlanıb. Bu küçədə avtomobillər üçün xüsusi parkinq yerləri də nəzərdə tutulub. Xaqani Rüstəmov küçəsi ilə Süleyman Vəzirov küçəsinin kəsişməsində diametri 66 metr olan yeni dairə inşa edilib. Bu dairə tam fərqli və orijinal dizaynda inşa olunub. Burada yaşıllaşdırma işləri aparılıb və ətraf dekorativ daşlarla bəzədilib.
Xaqani Rüstəmov və Süleyman Vəzirov küçələrinin kəsişməsində uzunluğu 220 metr olan yeraltı piyada keçidində də tikinti işləri tamamlanıb, burada 8 eskalator, işıqlandırma sistemi və nəzarət kameraları quraşdırılıb. Müasir üslubda dizayn olunmuş piyada keçidində vətəndaşların rahatlığı üçün yol istiqamətləri qeyd edilib.
Sahəsi 6800 kvadratmetr olan park üçün xüsusi işlənilmiş landşaft dizaynına uyğun olaraq müxtəlif ağaclar əkilib, uşaq oyun meydançası salınıb. Burada 2017-ci ilin sentyabrında Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Daşın nəğməsi” ikinci Beynəlxalq heykəltəraşlıq simpoziumu çərçivəsində təqdim olunmuş çinli heykəltəraş Liu Yangın əsəri olan “Xəzər dənizi” heykəli qoyulub. Parkda ictimai wi-fi və telefon köşkü qurulub. Burada “Qara şəhər”in tarixi barədə məlumat lövhəsi, müasir üslublu saat quraşdırılıb.
Sonra prezident və xanımı “Bakı Ağ Şəhər” ərazisində tikintisi və abadlığı başa çatmış məhəllələrlə tanış olmaq üçün avtobusla gəzintiyə çıxıblar.
Sonda İ.Əliyev “Bakı Ağ Şəhər”də ötən müddətdə həyata keçirilən işlər və növbəti illərdə icrası nəzərdə tutulan tədbirlərlə bağlı tapşırıq və tövsiyələrini verib.