Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev «Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi QAYDASI»nı təsdiqləyib.
DSMF-nin sərbəst vəsaitləri investisiyaya yönəldiləcək - FƏRMAN
FED.az xəbər verir ki, qaydaya əsasən DSMF-nin vəsaitləri aşağıdakı prinsipləri nəzərə alaraq investisiya ediləcək. Bunlar təhlükəsizlik; likvidlik; gəlirlilik; müxtəliflik (yəni şaxələndirmə – FED.az).
DSMF-nin sərbəst vəsaitlərinin yerləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İnvestisiya Şurası yaradılacaq. Şuranın sədri əmək və əhalinin sosial müdafiəsi naziri olacaq. Bundan başqa şuranın tərkibində Nazirliyin iki nümayəndəsi, Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin və Dövlət Neft Fondunun nümayəndələri daxil ediləcəklər. İnvestisiya Şurasının fəaliyyəti Nazirliyin təsdiq etdiyi əsasnamə ilə tənzimlənir.
Qaydaya əsasən bir maliyyə aləti üzrə investisiyanın müddəti, bu müddətdə gəlirlilik hədəfi, investisiyanın minimal və maksimal həcmi, risk təhlilləri, o cümlədən maliyyə və əməliyyat riskləri, kontragentlərin seçilməsi, əqdlərin bağlanması və kredit riskinə dair tələblər, habelə investisiya strategiyası ilə bağlı digər məsələlər hər il üçün İnvestisiya Şurası tərəfindən qəbul edilən investisiya siyasəti sənədində müəyyən olunur.
Qaydaya əsasən fondun sərbəst vəsaitləri aşağıdakı maliyyə alətlərinə investisiya edilir:
1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızlarına;
2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızlarına;
3. dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlara;
4. qiymətli kağızlar üzrə repo və əks-repo əməliyyatlarına;
5. banklarda yerləşdirilən depozitlərə.
Qaydaya görə DSMF-nin vəsaitləri səhmlərə, törəmə maliyyə alətlərinə, o cümlədən qiymətli metal və daşlara, daşınmaz əmlakın və malların alınmasına, xarici investisiya bazarlarına və digər istiqamətlərə investisiya edilə bilməz.
Yuxarıda qeyd edildiyi kimi, qaydaya görə, DSMF-nin sərbəst vəsaiti banklarda depozitə də qoyula bilər. Amma burada da məhdudiyyətlər var. Belə ki, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən çox olmamalıdır.
Banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizindən artıq olmamalıdır.
Banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.
Sərbəst vəsait aşağıdakı meyarlara cavab verən banklarda depozitə qoyulur:
Azərbaycan Respublikasında fəaliyyət göstərən, aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklara;
Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklara.
Qaydayap görə, DSMF-nin vəsaitlərinin investisiya gəlirlərindən aşağıdakı istiqamətlərdə istifadə oluna bilər:
1. investisiya fəaliyyəti ilə bağlı xərclərin maliyyələşdirilməsi və təkrar investisiya məqsədləri;
2. sosial müdafiə ilə bağlı islahatların maliyyələşdirilməsi;
3. müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi;
4. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial infrastrukturun yaradılması ilə bağlı xərclər;
5. Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərdə.
Qaydaya əsasən investisiya gəlirləri üzrə xərclərin bölgüsünü hər il üçün Nazirliyin təklifləri əsasında Azərbaycan Prezidenti təsdiq edir.