Təcrübədə bəzi məqamlarda işçilərə edilən ödənişlər hesablanarkən orta əməkhaqqı məbləğinə müraciət etməli oluruq.
Bəs orta əməkhaqqı nədir və necə hesablanır?
Bakıda orta əməkhaqqı 9%-dən çox artıb
FED.az xəbər verir ki, suala təlimçi ekspert Aqil Ağayev aydınlıq gətirir.
Orta əməkhaqqının izahı Əmək Məcəlləsinin 177-ci maddəsində verilib. Həmin maddənin 1-ci bəndinə əsasən, orta əməkhaqqı - işçiyə vəzifəsi (peşəsi) üzrə işəgötürən tərəfindən ödənilmiş məvacib və onun tərkibinə daxil olan ödənclərin bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan qaydada müəyyən olunan məbləğdir.
Məcəllənin 177-ci maddəsinin 2-ci bəndində isə göstərilib ki, əmək məzuniyyəti dövrü üçün verilən əməkhaqqı istisna olmaqla, qalan bütün hallarda işçinin orta əməkhaqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əməkhaqqı tapılır və alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir.
Misal 1: Aylıq əməkhaqqı 1.000 manat olan və 5 günlük iş rejimi ilə işləyən işçi 01 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü tarixi də daxil olmaqla təhsil məzuniyyətinə çıxır. Bu halda onun orta əməkhhaqı məbləğinin hesablaması belə olacaq:
Son iki ayının əməkhaqqı və iş günləri;
• iyun ayı – 1000 manat hesablanmış əməkhaqqı, 16 iş günü;
• may ayı – 1000 manat hesablanmiş əməkhaqqı, 21 iş günü;
• təhsil məzuniyyətinə olduğu dövrün iş günləri - 23 iş günü.
(1000 + 1000) : (16 + 21) = 54.05 manat;
23 x 54.05 = 1243,15 manat (hesablanmış təhsil məzuniyyəti haqqı).
Nəzərə alsaq ki, ay ərzində işçiyə vəzifə əməkhaqqından əlavə müxtəlif ödənişlər (xəstəlik müavinat, hamiləliyə və doğuma görə məzuniyyət, ezamiyyət xərci, artıq saata görə və s.) ödənilə bilər. Bu zaman Nazirlər Kabinetinin 126 nömrəli qərarı ilə orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin siyahısına əsasən hesablama aparmalıyıq.
Nəzərə alınan ödənclər:
- faktiki işlənmiş vaxt üzrə tarif (vəzifə) maaşı;
- müəssisə, idarə və təşkilatlarda qüvvədə olan əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatların və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə"də nəzərdə tutulan kollektiv və fərdi mükafatların bir aya düşən müvafiq hissəsi;
- kompensasiya və həvəsləndirici xarakter daşıyan daimi əmsallar və əlavələr (əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində, gecə vaxtı yerinə yetirilən işə və çoxnövbəli iş rejiminə, peşələrin (vəzifələrin) əvəz edilməsi, elmi dərəcəyə, fəxri ada qulluq stajına, xidmət illərinə, ixtisas dərəcəsinə, hakimiyyət səlahiyyətlərinin icrasına, xüsusi rütbə maaşına (əlavəsinə) görə və s.) və Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarının rəhbər işçilərinə və şəhər (rayon) icra hakimiyyəti başçılarına səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün əlavə pul təminatı;
- uşağın yedizdirilməsi üçün ayrılmış fasilələrin ödənilməsi;
- qəzet, jurnal, nəşriyyat, radio və televiziya, informasiya agentliklərinin ştatlarında olan əbədi işçilərə ədəbiyyat qonorarı fondlarından verilən qonorarlar, daimi xarakter daşıyan müəlliflik, artist qonorarları və quruluş haqqı;
- işçinin təqsiri olmadan zay (yararsız) sayılan məhsulun istehsalına, boşdayanmaya, hasilat normalarını yerinə yetirmədiyinə, soyuq və isti havalar şəraitində fasilələrə və işin dayandırılmasına görə ödəmələr;
- əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;
- qanunvericilikdə işçilərin iş yerlərinin və orta əməkhaqqının saxlanıldığı, əvvəlki əməkhaqqı ilə yeni iş yerindəki əməkhaqqı arasındakı fərq ödənildiyi və əvvəlki vəzifəsi (peşəsi) üzrə əməkhaqqı saxlanıldığı hallarda;
- məcburi işburaxma dövrünün ödənilməsi;
- əmək, təhsil və yaradıcılıq məzuniyyəti dövründə saxlanılan orta əməkhaqqı.
Nəzərə alınmayan ödənclər:
- birdəfəlik xarakter daşıyan əlavə mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlər ilə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənclər (mükafatlar da daxil olmaqla);
- işçinin öz vəzifəsinə aid olmayan ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinə görə ödəmələr;
- iş vaxtından artıq iş saatlarının ödənilməsi;
- istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə görə ödəmələr;
- əmək alətlərinin, vəsaitlərinin və digər əşyaların amortizasiyasına görə pul əvəzi ödəmələr;
- maddi yardım şəklində verilən müxtəlif növ ödənişlər;
- ezamiyyət ilə bağlı verilən ödəmələr, çöl xərcləri, daimi işi yolda olan, yaxud gediş-gəliş və ya gəzəri xarakter daşıyan işçilərə ödənilən əlavələr, bilavasitə tikintidə çalışan işçilər üçün səyyar xarakterli işə görə, işin növbə metodu ilə yerinə yetirilməsinə görə əlavələr;
- müvəqqəti əvəzetməyə görə ödəmə;
- ayrı-ayrı işçilərə pulsuz verilmiş mənzil, kommunal xidmətlərinin, yanacağın, nəqliyyatda gediş biletlərinin dəyəri və ya onların kompensasiyası;
- işçilərə verilən iş paltarlarının, iş ayaqqabılarının və başqa fərdi mühafizə vasitələrinin, sabunun, başqa yuyucu vasitələrin, südün və müalicə-profilaktika qidalarının dəyəri;
- qanunvericilikdə nəzərdə tutulmuş hallarda pulsuz qidaların dəyəri (pulsuz kollektiv yeməklər, müəssisənin mənfəətinin hesabına işçilərə pulsuz və ya güzəştli şərtlərlə verilən yeməklər);
- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
- başqa əraziyə işə keçirildikdə və yaxud köçdükdə mənzil kirayəsi və əmlakın daşınması üzrə xərclərin ödənilməsi;
- istehsalatdan tam və ya qismən ayrılmaqla təhsil almağa göndərilmiş işçilərə müəssisə və təşkilatlar tərəfindən ödənilən təqaüdlər;
- yarış, baxış və müsabiqə qaliblərinə verilən pul mükafatları;
- gənc mütəxəssislərə ali və yaxud orta ixtisas təhsil müəssisəsini qurtardıqdan sonra verilən məzuniyyət zamanı müəssisələrin, idarələrin və təşkilatların hesabına ödənilən müavinətlər;
- mülki hüquqi müqavilələr üzrə işlərin yerinə yetirilməsinə görə ödəmələr.
- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə kompensasiya.
Misal 2: Aylıq əməkhaqqı 1000 manat olan və 5 günlük iş rejimi ilə işləyən işçi 01 iyul 2024-cü il tarixdən 31 iyul 2024-cü tarixi daxil təhsil məzuniyyətinə çıxır. Onun son iki ayda aldığı əməkhaqqı və əlavə mödənişləri, eləcə də iş günlərinin sayı belə olub:
İyun ayı – 1000 manat hesablanmış əməkhaqqı, 16 iş günü, qeyri-iş günü üçün 125 manat, maddi yardım – 100 manat. Cəmi 1225 manat əməkhaqqı hesablanıb.
May ayı – 800 manat hesablanmış əməkhaqqı, 21 iş günü, əmək qabiliyyətini müvəqqəti itirməyə görə 150 manat, ezamiyyə xərci – 100 manat. Cəmi 1050 manat əməkhaqqı hesablanıb.
Təhsil məzuniyyətinə olduğu dövrün iş günləri - 23 iş günü.
Hesablama üçün öncə orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödəncləri seçməliyik.
İyun ayı Nazirlər Kabinetinin 126 nömrəli qərarına əsasən nəzərə alınan ödənişlər;
1. 1000 manat vəzifə əməkhaqqına görə hesablama
May ayı Nazirlər Kabinetinin 126 nömrəli qərarına əsasən nəzərə alınan ödənişlər;
1. 800 manat vəzifə əməkhaqqı görə hesablama
2. əmək qabiliyyətini müvəqqəti itirməyə görə 150 manat.
(1000 + 800 + 150) : (16 + 21) = 52,70 manat;
52,70 x 23=1212,1 manat (hesablanmış təhsil məzuniyyəti).
Diqqət etdinizsə, iyun ayı ödənilən qeyri-iş günü üçün 125 manat və 100 manat maddi yardım nəzərə alınmadı. May ayı üçün 100 manat ezamiyyə xərci də nəzərə alınmadı.
Əgər orta əməkhaqqı hesablanarkən nəzərə alınan və alınmayan ödənişlər düzgün hesablanmasa, müəssisə əməkhaqqının düzgün hesablanmasına görə məsuliyyət daşıyacaq və cərimə oluna bilər. Nəzərə alınmayan ödənişləri də nəzərə alıb hesablama aparılarsa, bu, müəssisəyə əlavə xərc yaratmış olacaq.