Şənbə və bazar günləri həyati vacib bir sıra sahələrdə çalışanların fəaliyyət göstərməsi nəzərdə tutulur. Belə ki, qəza, təcili tibbi yardım xidməti, stasionar tibbi xidmət göstərən səhiyyə müəssisələri fəaliyyət göstərəcək. Elə istehsalat sahələri var ki, fasiləsiz işləmələri zəruridir. Həmin sahələrdə fəaliyyət göstərən çox məhdud sayda işçilərin SMS vasitəsilə işə çıxmasına icazə verilməsi nəzərdə tutulur.
Eləcə də bax: Bəzi kəndlərə giriş-çıxış - TAMAMİLƏ BAĞLANIB
FED.az "azərtac"a istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O, həmçinin bildirib: “Xatırladım ki, biz sərt karantin rejimində də müəyyən ehtiyaclar üçün evdən çıxmağa görə SMS-lə icazə alırdıq. Lakin bu dəfə fərqlidir. Vətəndaşlar zəruri ehtiyaclarını əvvəlcədən təmin etsinlər. Şənbə və bazar günləri yalnız xüsusi sağlamlıqla bağlı vəziyyətlərdə, tibb müəssisələrinə müraciət mühüm olan hallarda və zəruri həyati vacib xidmət sahələrində çalışanlara evdən çıxmağa icazə veriləcək. İctimai və şəxsi nəqliyyatın tam şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Yəni onlardan istifadə mümkün olmayacaq. Yalnız zəruri vacib sahələrdə çalışan şəxslərin onlardan istifadəsinə dair müəyyən istisnalar ola bilər”.