Gürcüstanda işsizlik səviyyəsi 2021-ci ilin üçüncü rübündə artaraq 19,5% təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz bəndi çoxdur.
Eləcə də bax: Gürcüstanın Azərbaycana borcu - AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə cümə günü Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, xüsusilə işsiz insanların çoxu şəhərlərdə yaşayır. İyul, avqust və sentyabr aylarında şəhər sakinlərinin 21,1%-i işsiz olub ki, bu da 2020-ci il məlumatından 1,9 faiz bəndi çoxdur. Kəndlərdə işsizlik səviyyəsi 17,2% təşkil edib (keçən illə müqayisədə 3,5 faiz bəndi çox).
Kişilər arasında ənənəvi yüksək işsizlik səviyyəsi də üçüncü rübdə artmışdır. İyul, avqust və sentyabr aylarında kişilərin 21,7%-i işsiz olub ki, bu da 2020-ci il məlumatından 2,8 faiz bəndi çoxdur. Qadınlar arasında işsizlik səviyyəsi 16,6% (2,1 faiz bəndi çox) təşkil etmişdir.
Milli Statistika Xidmətinin məlumatına görə, bu ilin üçüncü rübündə muzdla işləyənlərin sayı fərdi işləyənlərlə (özünüməşğul) müqayisədə artıb. İyul, avqust və sentyabr aylarında muzdla işləyənlərin məşğul əhali arasında xüsusi çəkisi 67,3 faiz təşkil edib ki, bu da 2020-ci illə müqayisədə 0,7 faiz bəndi çoxdur. Özünüməşğul olanlara gəlincə, üçüncü rübdə bu göstərici 32,7% (keçən illə müqayisədə 0,7 bənd az) təşkil edib. (Marja)