"Əmək qanunvericiliyinin tələblərini pozan bəzi işəgötürənlərə güzəştlər ediləcək".
Eləcə də bax: Azərbaycanda işçilərin evdən və oteldən işləməsinə - İCAZƏ VERİLƏCƏK – İLK DƏFƏ
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov “Sosial saat”da deyib.
Onun sözlərinə görə, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə işəgötürənlərə qarşı bəzi cərimələr şərti olaraq tətbiq ediləcək: "Artıq bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təsdiq olunub. Beləliklə, işəgötürən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar yol verdiyi nöqsanları müəyyən edilmiş müddətdə aradan qaldırmaqla bəzi cərimələri ödəməkdən azad olacaq. Bu da mahiyyət etibarilə işəgötürənlərə müvafiq sahədə güzəştli yanaşmanın tətbiqinə, eyni zamanda əmək qanunvericiliyində nəzərdə tutulan bu və ya digər tələbləri pozduqları halda bu pozuntuları dərhal aradan qaldırmalarını stimullaşdırmağa yönəlib”.
Qeyd edək ki, bundan sonra əmək qanunvericiliyinin pozulmasına dair bəzi inzibati xətalara:
- İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə;
- İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxsləri, işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən imtinaya və ya həmin səbəbdən onları işdən azad etməyə;
- Şəxsin dağınıq skleroz xəstə olması səbəbinə görə onunla əmək müqaviləsi bağlamaqdan imtina edilməsinə və ya əmək müqaviləsinə xitam verilməsinə (işəgötürənin müvafiq işi (vəzifəsi) olmadığı, həmçinin belə şəxslərin əməyindən istifadə olunmasına yol verilməyən iş yerlərinə işə götürməkdən imtina edilən hallar istisna olmaqla);
- Kollektiv müqavilənin (sazişin) bağlanmasından əsassız olaraq imtina edilməsinə;
- Kollektiv danışıqlar aparılması və ya kollektiv müqavilənin (sazişin) yerinə yetirilməsinə nəzarəti həyata keçirmək üçün lazım olan məlumatların təqdim edilməməsinə görə inzibati cərimələr şərti olaraq tətbiq edilə bilər.
İnzibati xətanı törətmiş şəxs barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarılması eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi hallarını istisna edir. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur.