Azərbaycanda işçilərin distant, yəni evdən və ya oteldən işləməsi imkanı qanunvericiliyə daxil ediləcək.
Eləcə də bax: Kimlər evdən işləyə biləcək? – AÇIQLAMA - VİDEO
FED.az xəbər verir ki, bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham Azərbaycan”) üzvləri ilə görüşdə bildirilib.
Görüşün əsas mövzusu əmək bazarında baş verən yeniliklər və Azərbğaycanın əmək qanunvericiliyinin, daha dəqiqi Əmək Məcəlləsinin bu yeniliklərə uyğunlaşdırılması, eləcə də burada sahibkarlara və biznesə mane olan məqamların aradan qaldırılması olub. Görüşdə nazir Sahil Babayev bildirib ki, əmək qanunvericiliyinin təkmilləşdirilməsi üçün işəgötürənlərin, o cümlədən özəl sektorun nümayəndələri təkliflərinə də xüsusi önəm verilir.
«AmCham Azərbaycan»ın prezidenti Nuran Kərimov isə bildirib ki, Palata əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində aparılan islahatları maraqla izləyir.
Görüşdə Palata üzvləri nazirliyin rəhbərliyinə bir sıra təklifləri, o cümlədən qanunverciliyə əmək funksiyalarının evdən yerinə yetirilməsi və distant iş ilə bağlı dəyişiklik və belə iş formasında əmək münasibətlərində hüquqi tənzimləmələrə dair təklifləri səsləndiriblər.
Bu təkliflə bağlı bildirilib ki, artıq Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında yeni qanun layihəsi hazırlanıb. Burada «distant (məsafədən) iş», əmək funksiyalarının elektron, proqram-texniki, telekommunikasiya vasitələri əsasında işəgötürənin iş yerlərindən kənarda yerləşən, əmək funksiyalarının yerinə yetirilməsi üçün münasib olan digər yerdə, məsələn evdə, mehmanxanada və s. yerinə yetirilməsi forması nəzərdə tutulub.
Həmçinin əmək funksiyalarının distant (məsafədən) iş formasında yerinə yetirilməsi ilə əlaqədar əmək şəraitinin əlavə şərtlərinin tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsində müəyyən edilməsi təklifi də layihədə əksini tapır. Eləcə də distant iş ilə bağlı əmək münasibətlərində hüquqi tənzimləmələrin formalaşdırılması, işçilərin ezamiyyətə göndərilməsi qaydalarının təkmilləşdirilməsi və s. ilə bağlı Palatanın təkliflərinə dair müzakirələr aparılıb.