Ölkədə kadr resurslarının vahid elektron bazada toplanması, qeyri-formal məşğulluğun qarşısının alınması və əmək münasibətlərinə nəzarət etmək məqsədilə 2022-ci ildən Əmək və Məşğulluq Altsistemi (ƏMAS) istifadəyə verilib. 2023-cü ilin noyabr ayından isə ƏMAS-ın elektron funksionallığı artırılaraq məzuniyyət əmrlərinin hazırlanması üzrə yeni bölmə əlavə olunub.
Məzuniyyət hüququ verən əmək stajı hesablanarkən nəzərə alınan və alınmayan dövrlər
FED.az xəbər verir ki, insan resursları üzrə ekspert Ramin Hacıyev yeni bölmənin iş prinsipi, əmrlərin qeydiyyat prosedurunu açıqlayır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 138-ci maddəsi işçilərin məzuniyyətlərinin rəsmiləşdirilməsinin qaydalarından bəhs edir. Həmin maddənin tələbinə görə, bütün növ məzuniyyətlər işçinin ərizəsinə əsasən işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) aşağıdakı məlumatlar göstərilməlidir:
- İşçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi);
- Məzuniyyətin növü;
- Məzuniyyətin müddəti;
- Müvafiq iş ili;
- Məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün.
ƏMAS-da olan yeni funksionallığa əsasən, əmək məzuniyyəti, təhsil və yaradıcılıq məzuniyyəti, hamiləliyə və doğuşa görə məzuniyyət, qismən ödənişli sosial məzuniyyət əmrlərinin hazırlanması imkanı yaradılıb. Bir məqamı da qeyd etmək lazımdır ki, məzuniyyət əmrlərinin ƏMAS üzərindən tərtib olunması mütləq tələb deyil. İşəgötürənlər (İR mütəxəssisləri) istər kağız, istərsə də ƏMAS-da məzuniyyət əmrlərini tərtib edə bilərlər.
ƏMAS-da məzuniyyət əmrlərinin hazırlanması qaydası:
- Əmrlər bölməsi > Əmr yarat > Məzuniyyət əmri yarat > Əmək məzuniyyəti əmri
- Növbəti addımda ərizənin tarixi və nömrəsi müvafiq xanalara əlavə edilir.
- Ardınca hüquqi əsası seçilir. Bu hissədə məzuniyyətin növündən asılı olaraq Əmək Məcəlləsinin müvafiq maddələri qeyd edilməlidir. Məzuniyyətdən hissə-hissə istifadə edilərsə, o zaman 137-ci maddənin müvafiq bəndinə istinad olunmalıdır.
- Növbəti mərhələ - iş ili: iş ilinin bağlanğıc və bitmə tarixləri qeyd edilir, başlanğıc tarix əl ilə yazılır, iş ili üzrə son tarix isə avtomatik qeyd olunur.
- Növbəti mərhələdə əsas və əlavə məzuniyyətlərin gün sayı qeyd edilməlidir.
- Digər bölmədə isə məzuniyyətin başlama və bitmə tarixləri əlavə olunmalıdır. Bu zaman ƏMAS-da 2 variant var. Birinci variant başlama və bitmə tarixlərinin avtomatik hesablanması, ikinci variant isə başlama və bitmə tarixlərinin əl ilə daxil edilməsidir. Birinci variant daha çox beş günlük rejimdə çalışan işçilər üzrə tətbiq olunur. Əgər məzuniyyət dövrünə bayram günləri də təsadüf edərsə, sistem avtomatik olaraq həmin günlərin sayı qədər uzadılma verir və işçinin işə başlama tarixini ona uyğun tənzimləyərək qeyd edir. İkinci variant isə 6 günlük və digər rejimlərdə tətbiq edilir.
- Növbəti mərhələdə məsul struktur bölmənin qeyd edilməsi zərurəti var. Burada məzuniyyət əmrinin icrasının hansı şöbəyə (səlahiyyətli şəxsə) həvalə olunması qeyd edilməlidir. Burada mühasibatlıq və insan resursları şöbəsini qeyd etmək tövsiyə olunur. Əgər həmin hissə boş saxlanılarsa, sistem avtomatik olaraq “İnsan resursları şöbəsi” qeyd edəcək.
- Növbəti addım olaraq məzuniyyət əmrinin tarixi və nömrəsi qeyd edilməlidir. Bununla bağlı tələb odur ki, əmrin tarixi ərizədən əvvəl qeyd olunmasın və məzuniyyətin başlama tarixindən 5 gün əvvələ yazılsın. Əmrin sənəd yükləmək hissəsində isə işçinin yazılı ərizəsi skan edilərək əlavə olunur.
- Növbəti mərhələ: əmr qeydiyyata alınır:
>İcrada olan məzuniyyət əmrləri > Göndər > İmzala
Əmr imzalandıqdan sonra çap edilərək işəgötürən tərəfindən möhürlə təsdiqlənir.
Qeyd edək ki, təhsil məzuniyyəti, sosial məzuniyyət və ödənişsiz məzuniyyət əmrləri də yuxarıda qeyd edilən mərhələlərlə icra olunur. Hüquqi əsaslandırma Əmək Məcəlləsinin müvafiq maddələrinə (təhsil məzuniyyəti-122, 123,124-cü maddələr, sosial məzuniyyət-125, 126,127-ci maddələr, ödənişsiz məzuniyyət-129 və 130-cu maddələr) və əmrin növündən asılı olaraq (təhsil məzuniyyəti-təhsil müəssisəsindən arayış, işçinin ərizəsi, sosial məzuniyyət-xəstəlik vərəqəsi, işçinin ərizəsi və s.) müvafiq rəsmi sənədlər sistemə əlavə olunmalıdır.
Dövlət qulluqçularının əmək məzuniyyətləri ƏMAS-da qeydiyyata alınarkən “Dövlət qulluğu haqqında” Qanunun 30-cu maddəsinin müvafiq bəndləri qeyd edilməklə məzuniyyət əmrləri tərtib olunur.
Məlumat üçün bildirək ki, ƏMAS-da məzuniyyət əmrləri tərtib olunarkən hər hansı bir səhv məlumat daxil edilərsə, yalnız əmrin gücləndirilmiş elektron (ASAN) imza ilə təsdiqindən əvvəlki mərhələsində dəyişiklik etmək imkanı vardır. Əmr gücləndirilmiş elektron (ASAN) imza vasitəsilə təsdiqləndikdən sonra (PIN 2) hər hansı dəyişiklik etmək mümkün deyil. Yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumuna rəsmi olaraq məktubla müraciət etdikdən və dəyişiklik imkanı yaradıldıqdan sonra bu, mümkün ola bilər. Əmrlər hazırlanarkən qanunverciliyin tələbləri və məlumatların dəqiqliyinə xüsusi diqqət yetirilməlidir. (vergiler.az)