Sosial Tədqiqatlar Mərkəzi (STM) Bakı şəhərində su təchizatının vəziyyəti, fasiləsizliyi və keyfiyyəti ilə bağlı əhalinin fikirlərini öyrənmək, mövcud problemləri müəyyənləşdirmək məqsədilə rəy sorğusu keçirib.
FED.az xəbər verir ki, sorğu iştirakçılarının 54.2%-i paytaxtın su təchizatı ilə bağlı öz təkliflərini irəli sürüb. Həmin təklifləri əsas istiqamətlər üzrə qruplaşdırdıqda, ilk sırada suyun daimi, fasiləsiz rejimdə verilməsi, eləcə də yay aylarında su kəsintiləri ilə bağlı vətəndaşların əvvəlcədən məlumatlandırılması məsələsi dayanır. Növbəti təkliflər paytaxta daxil olan su kəmərlərində filtrlərin quraşdırılması və suyun keyfiyyətinin artırılması, texniki və içməli suyun ayrı sistemlərlə verilməsi, kran suyunun təmizliyinin içmək üçün zərərsiz və sağlamlıq üçün uyğun normaya çatdırılmasıdır.