2024-cü ildə Azərbaycanda əsas heyvandarlıq məhsullarının adambaşına istehlakında müxtəlif dəyişikliklər baş verib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Ötən illə müqayisədə ümumi ət, quş əti, yumurta və balıq istehlakı artsa da, süd və qoyun əti istehlakında azalma müşahidə olunub.
Ən kəskin artım quş əti və ət məhsullarının istehlakında baş verib. Belə ki, 2024-cü ildə adambaşına düşən quş əti istehlakı 1,7 kq (10,4%) artaraq 18,1 kq-a çatıb.
Ümumilikdə isə bütün növ ət və ət məhsullarının adambaşına istehlakı 45 kq təşkil edib. Bu da 1,5 kq (3,4%) artım deməkdir.
Həmçinin, balıq və balıq məhsulları istehlakı adambaşına 8 kq səviyyəsində olub ki, bu da illik 0,4 kq və ya 5% çoxdur.
Yumurta istehlakı isə adambaşına 195 ədəd təşkil etməklə illik 6 ədəd və ya 3,2% artım göstərib.
Bununla yanaşı, süd və süd məhsullarının adambaşına illik istehlakı 1,9 kq, başqa sözlə 0,7% azalaraq 256,9 kq olub.
Həmçinin qoyun və keçi əti istehlakında da 0,1 kq-lıq (1,1%) azalma baş verib. Bu məhsulların illik istehlakı 9,1 kq təşkil edib.
Mal əti və donuz əti istehlakı isə ötən illə müqayisədə dəyişməyərək müvafiq olaraq 16,9 kq və 1 kq səviyyəsində qalıb.