Azərbaycanda evdən və məsafədən (distant) iş rəsmiləşir. Əmək Məcəlləsinə müvafiq dəyişiklik artıq komitə iclasları səviyyəsində müzakirə olunur.
Məsafədən (distant) iş əmək müqaviləsiylə tənzimlənəcək
Bu model ən çox hansı sahələrdə tətbiq oluna biləcəyi, müxtəlif sektorlar üçün hansı tənzimləyici mexanizmlərin formalaşacağı və iqtisadi sistemə necə təsir edəcəyi kimi sualları da özü ilə aktuallaşdırır.
FED.az xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, distant işləmək təcrübəsi koronavirus infeksiyası ilə bağlı karantin tədbirləri zamanı aktual oldu:
“Həmin dövr göstərdi ki, uzaqdan iş fəaliyyəti qurmaq mükündür. Ondan sonra bəzi müəssisələr hətta indi də öz əməkdaşlarının bir hissəsinə distant işləmək imkanı yaramaqda davam edir. Distant fəaliyyət əmək məsuliyyətini azaltmamalı və görülən işin keyfiyyətinə mənfi təsir göstərməməlidir. Təbii ki, əyani işin səmərəliliyi distant işdən daha çoxdur. Bəzi sahələrdə isə işçilərin gün ərzində görməli olduğu dəqiq planlar olduğundan işçi müəyyən olunmuş müddətdə həmin planı icra edirsə, deməli iş keyfiyyətli icra olunmuş hesab olunur”. (Modern.az)










