Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 4 rayonda şəhid ailələri və Qarabağ əlillərinə 26 fərdi yaşayış evi verilib.
Eləcə də bax: Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daha 35 fərdi ev təqdim edildi
FED.az xəbər verir ki, Qazaxda 13, Kürdəmirdə 5, Qubada 3, Lənkəranda 5 fərdi ev verilib.
Qazax rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elşən Əsədov, Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gulayə Həsənova iştirak ediblər.
Yeni fərdi evlərlə təmin olunan şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi əlilləri yeni Qələbəyə görə, Ali Baş Komandan İlham Əliyevə və Silahlı Qüvvələrimizə təşəkkürlərini bildirib, onlara göstərilən qayğıdan razılıq ediblər.
Tədbirdə qeyd edilib ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. Bu proses qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə bu kateqoriyadan olan vətəndaşlara ötən dövrdə 8379 mənzil və fərdi ev verilib.
Tədbirdə bildirilib ki, nazirlik Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların ailələrinə dəstəyin göstərilməsi, həmçinin onlara da mənzillərin, evlərin verilməsi üçün də işlər aparacaq.