2026-cı il fevral ayının 1-i vəziyyətinə ölkə üzrə qeydiyyatda olan işsizlərin sayı artıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Statistika Komitəsi-nə istinadən xəbər verir.
Məlumata görə, 2026-cı il fevralın 1-nə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 245,6 min nəfər təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 20 min nəfər və ya 8,9 faiz çoxdur (2025-ci ildə 225,6 min nəfər).
2026-cı ildə işsizlərin 51,9 faizini qadınlar (127,5 min nəfər), 48,1 faizini isə kişilər (118,1 min nəfər) təşkil edib.
2025-ci ildə isə qadınların sayı 108,3 min nəfər (48,0 faiz), kişilərin sayı 117,3 min nəfər (52,0 faiz) olub.
Bir il ərzində işsiz qadınların sayı 19,2 min nəfər artıb (+17,7 faiz), işsiz kişilərin sayı 0,8 min nəfər (+0,7 faiz) artıb..
İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 2025-ci ildə 441,4 manat olduğu halda, 2026-cı ildə 446,6 manata yüksəlib. Bu isə 5,2 manat və ya təxminən 1,2 faiz artım deməkdir.











