2024-cü il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 294,9 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Onlardan 5 milyon 011,4 min nəfərini məşğul əhali təşkil edib. Cari il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 759,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 881,7 min nəfər, qeyri-dövlət sektorunda isə 877,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 727,1 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,4 faizi emal sənayesində, 7,1 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur. Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,3 faizi təhsil, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.