Azərbaycanda əlilliyin təyin edilməsi qaydaları və təyin edilən əlillik dərəcəsi dəyişdiriləcək. FED.az xəbər verir ki, bu barədə aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmələr zamanı bildirilib.
Eləcə də bax: Əlilliklə bağlı yeniliklər olacaq - MİLLİ MƏCLİSDƏ TOPLANT
İclasda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin 6 komitəsinin sədrləri, müavinləri və deputatlar, əlaqədar nazirliklərin və qurumların təmsilçiləri iştirak ediblər.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, günün reallıqlarını nəzərə almaq və qanunvericilikdə müvafiq dəyişikliklər edilməsi, yeni əlillik meyarlarının qəbulu vacibdir.
Nazir Sahil Babayev “Əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsi barədə məlumat verib. O bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək. Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.
Müzakirələrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədr müavini Nigar Bayramova, səhiyyə nazirinin müavini Rahim Əliyev, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sədri Azad Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Bayramov mövzu ətrafında fikirlərini bildiriblər.
Dinləmənin yekununda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müzakirə olunan mövzu ilə bağlı komitənin təkliflərini diqqətə çatdırıb.