Aprelin 29-da Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dinləmə keçirilib.
FED.az xəbər verir ki, dinləmələrdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Milli Məclisin 6 komitəsinin sədrləri, müavinləri və deputatlar, əlaqədar nazirliklərin və qurumların təmsilçiləri iştirak ediblər.
Tədbirdə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ölkədə sosial islahatların aparıldığını xatırladıb. Bildirib ki, Azərbaycan Prezidentinin 30-a yaxın fərman və sərəncamını əhatə edən iki islahatlar zərfi sayəsində ölkəmizdə minimum əməkhaqqı 116 faiz, minimum pensiya 82 faiz, orta aylıq pensiya 60 faiz, yaşa görə orta aylıq pensiya 54 faiz artıb.
Bildirilib ki, postmüharibə dövründə 20 mindən çox şəxs sosial dəstəklə əhatə olunub. Onlardan 2859 şəhidin ailə üzvlərindən 7303 nəfərə sosial ödənişlər edilib, 9 min şəxsə sosial psixoloji dəstək, 500-dən çox qaziyə reabilitasiya xidməti göstərilib, 510 müharibə əlili 2370 reabilitasiya vasitəsi ilə təmin edilib, 5300 nəfər şəhid ailəsi üzvü və qazi özünüməşğulluq proqramına cəlb olunub.
Azərbaycanda əlilliyi olan şəxslərin hüquqlarının qanunvericiliklə tənzimləndiyini deyən Musa Quliyev əlilliyin ekspertizasının düzgün aparılmasını vacib şərt kimi önə çəkib. Son 3 ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkəmizdə yaxşı nəticələr əldə edildiyini bildirib. Qeyd edib ki, aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib.
Günün reallıqlarından çıxış edən komitə sədri qanunvericilikdə müvafiq dəyişikliklərin olunması, yeni əlillik meyarlarının qəbulunun vacibliyindən də bəhs edib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev əlilliyin qiymətləndirilməsi sahəsində şəffaflığın və obyektivliyin təminatı vacibliyindən danışıb, əsassız əlilik təyinatlarının qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib. 2021-ci ilin birinci rübünün nəticələrinə istinadən bildirib ki, əlillik müddətinin uzadılmasına dair təkrar müraciətlərə baxıldığı zaman bu kateqoriyadan olan şəxslərin təqribən 30 faizinin əlilliyinin əsassız olduğu aşkar edilib. Ona görə də qarşıda duran əsas prinsip saxta və əsassız təyinatların aşkar edilərək ləğv olunmasıdır.
Nazir deputatlara Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə də ətraflı məlumat verib. Bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir. İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib.
Dinləmədə “Əlilliyin müəyyən olunması” meyarlarının yeni layihəsi barədə məlumat verən Sahil Babayev bildirib ki, layihədə bir sıra yeniliklər nəzərdə tutulur. Belə ki, əlillik artıq üç dərəcə ilə və ya sağlamlıq imkanları məhdud kimi dar çərçivədə deyil, daha geniş spektrdə, faiz diapazonunda dəyərləndiriləcək. Nazir qüvvədə olan normativ hüquqi aktların bu layihəyə uyğunlaşdırılması məqsədilə ediləcək təklifləri də diqqətə çatdırıb. Yeni meyarlarla bağlı qanunvericiliyə dəyişiklik edilməsi layihəsindən bəhs edib.
Sonra tədbirdə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa, Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputatlar İlham Məmmədov və Məşhur Məmmədov əlilliyin ekspertizası və reabilitasiyası sahəsində mövcud durum, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi barədə rəy və təkliflərini bildiriblər.
Dinləmədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deputatları maraqlandıran məsələlərə aydınlıq gətirib.
Müzakirələrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədr müavini Nigar Bayramova, səhiyyə nazirinin müavini Rahim Əliyev, Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sədri Azad Abdullayev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri Anar Bayramov mövzu ətrafında fikirlərini bildiriblər.
Dinləmənin yekununda Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müzakirə olunan mövzu ilə bağlı komitənin təkliflərini diqqətə çatdırıb.