Avropa Statistika İdarəsi (Eurostat) 2024-cü il üçün Avropa İttifaqında illik əmək haqqı məlumatlarını dərc edib.
FED.az xəbər verir ki, Avropada tam ştatlı işçilərin orta illik əmək haqqı əvvəlki illə müqayisədə 5,2 faiz artaraq 39 808 avroya (aylıq 3 317 avroya) çatıb. 2023-cü ildə bu illik əmək haqqı 37 840 avro idi (3153 avro).
Ölkələr üzrə araşdıranda, yüksək maaşların siyahısına illik 82 969 avro (aylıq 6 900 avro) ilə Lüksemburq siyahıya başçılıq edir. Sonrakı yerdə 71 565 avro ilə Danimarka (aylıq 5 964 avro), üçüncü yerdə isə 61 051 avro ilə İrlandiya (aylıq 5 088 avro) gəlir.
Almaniyada illik əmək haqqı 53 800 avro (aylıq 4483 avro), Fransada isə 43 800 avro (aylıq 3650 avro) təşkil edib.
Siyahıda əmək haqqı ən aşağı olan ölkələr - 15 min 387 avro ilə Bolqarıstan (aylıq 1282 avro), 17 min 954 avro ilə Yunanıstan (aylıq 1496 avro) və 18 min 461 avro ilə Macarıstan (aylıq 1538 avro) olub.
2024-cü ildə orta aylıq əmək haqqının ən çox artdığı ölkələr 16,7 faizlə Rumıniya, 16,6 faizlə Polşa və 14 faizlə Bolqarıstandır.
Məbləğin ən çox artdığı ölkələr 4122 avro ilə Avstriya, 3625 avro ilə Danimarka və 3020 avro ilə Polşa olub.












