Azərbaycan qanunvericiliyində aliment məsələsində gender problemi yoxdur. Mövcud vəziyyətdən asılı olaraq, ata və ya ana aliment ödəyən tərəf ola bilər. Çünki uşaqların qayğısına qalmaq valideynlərin ümumi borcudur. Ailə məcəlləsində valideynlərin aliment öhdəliyi ilə bağlı maddə var. Yəni ailədə boşanma olsa da, olmasa da, valideynlərin aliment istəmə haqqı var.
ELƏCƏ DƏ BAX: Bakıda aliment verməyən qadın – HƏBS OLUNDU
Bu gün ailələrdə əsas boşanma səbəbləri arasında ilk sıralarda məhz maddi problemlər dayanır. Əgər bir valideyn maddi cəhətdən ailəsini, uşağını təmin edə bilmirsə, boşandıqdan sonra kəsilən alimenti necə ödəyəcək?
Bir tərəfdən baxanda təzad yaranır. Başqa bir tərəfi isə odur ki, valideynlərdən biri fiziki qüsurludursa, işləmək üçün imkanları məhduddursa, bu məsələdə hər hansı alternativ çıxış yolu varmı? Qanun bunu necə tənzimləyir? Nəticədə, səbəb nə olursa-olsun, əziyyət çəkən uşaqlar olur.
FED.az xəbər verir ki, məsələ ilə bağlı sualları vəkil Zaman Səmədov cavablandırıb.
O bildirib ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100-cü maddəsinə görə, tərəflər arasında hətta nikah pozulmadan belə aliment üçün tələb irəli sürülə bilər:
“Bu gün ölkədə çox ciddi problemə çevrilən məsələlərdən biri alimentdir. Boşanma prosesi zamanı məhkəmə birinci növbədə uşaqların mənafeyini əsas götürür. Bu prinsip əsasında boşanma prosesində tərəflərin hər biri ilə uşaq arasında yaranmış münasibətlər, valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla, uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı, ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini, eləcə də, işin konkret halları (əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafına təsir edən hallar) nəzərə alınmaqla, digər hallar nəzərə alınır.
Əgər uşaq məhkəmənin qərarı ilə ataya verilirsə, onun anadan aliment tələb etmə hüququ var. Uşağın qanunvericiliklə müəyyən edilmiş minimum xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ölkə üzrə yaşayış minimumu nəzərə alınaraq, təcrübədə sabit pul şəklində aliment uşaqlar üçün 160 manat məbləğində təyin edilib.
Məhkəmələr bundan aşağı miqdarda olan tələbi təmin etmir. Amma valideyn könüllü şəkildə qanunla göstərilən minimum məbləğdən yuxarı aliment ödəyə bilər. Sabit gəliri olan valideyn bir uşağa görə aldığı əməkhaqqının 25 faizini, iki və daha çox uşağa görə isə 50 faizini ödəməlidir. Ailə Məcəlləsinə görə alimentin hesablanması, məhkəməyə ərizə ilə müraciət edilən gündən etibarən başlanılır”.
Hansı halda uşaq atanın himayəsinə verilir?
“Bu məsələyə birmənalı münasibət bildirmək olmaz. Ümumiyyətlə, uşaqların himayəsinin anaya və ya ataya verilməsindən asılı olmayaraq, uşaqların qayğıdan məhrum edilməsi düzgün deyil. Ananın evdar qadın olması, pul qazanmaması uşağın onun əlindən alınaraq, ataya verilməsinə də əsas vermir.
Məhkəmə uşağın kimdə qalacağını “uşağın mənafeyinin üstünlüyü” prinsipi işığında qiymətləndirir. Mübahisəli məsələ yarandığı halda, qəyyumluq və himayəçilik komissiyası məsələyə cəlb olunur. Komissiya uşağın hansı valideynin himayəsinə verilməsinin daha məqsədəuyğun olması ilə əlaqəli rəy verir.
Yəni ananın gəlir mənbəyinin olmaması uşağın himayəsinin ataya verilməsi üçün səbəb ola bilməz. Burada uşaqların öz seçimlərinə də üstünlük verir. Bu da valideyn-övlad münasibətlərinə dayanır”.
Vəkilin sözlərinə görə, aliment müəyyən edilərkən gender prinsipi önəmli faktor hesab olunmur. Məhkəmənin qərarına tabe olmayan valideynlərə cinayət işi açıla bilər:
“Aliment müəyyən edilərkən onun ödənilməsi üçün müddət qeyd edilir. Gecikmələr olarsa, qarşı tərəf bununla bağlı müvafiq orqanlara müraciət etmə hüququna sahibdir. Bundan başqa, alimenti ödəməyən valideyn İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb edilir. Məhkəmə təkcə bununla məhdudlaşmır. Bu problemin həlli qanuna əməl etməyən valideynin azadlıqdan məhrum edilməsinə qədər gedir”.
Valideynlərin əmək fəaliyyətindən məhrum olması, fiziki qüsurlu olması hallarında isə aliment dövlət tərəfindən həmin şəxslərə ayrılan pensiya məbləğinə uyğun təyin edilir:
“Bu gün əlilliyə görə pensiya alan şəxslərin bir çox sahələrdə güzəştli təminatları olur. Dövlət tərəfindən onlara yüksək səviyyədə qayğı göstərilir. Aydındır ki, qanunda göstərilib ki, pensiyanın 50 faizindən çox hissəsi bu və digər məsələlərə ayrıla bilməz. Aliment məsələsində isə qanunda istisna hallar qeyd edilib.
Bəzən kişilər elə bilir ki, boşandılar və bitdi. Aliment adı gələndə düşünürlər ki, bunu qadına ödəyirlər. Amma bu belə deyil. Aliment uşaqların ehtiyaclarını qarşılamaq üçün ödənilən məbləğdir. Qadınların isə qanunla alimentdən imtina etmək hüququ yoxdur. Məhkəmədə qadın qarşı tərəfdən aliment tələb etməyə bilər. Amma qanunla təyin edilən alimentdən də imtina edə bilməz.
Bu istiqamətdə Avropada maraqlı təcrübə var. Dövlət aliment verməyən vətəndaşları ən ağır və xoşagəlməz işlərdə çalışdırır. Onun müqabilində ödəniləcək məbləği isə həmin şəxsin övladına ödəməli olduğu aliment üçün istifadə edirlər. Bu da aliment ödəmək üçün “pulum yoxdur” deyib, özü üçün yeyib-içən, gəzib dolanan şəxslərin məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq üçün yaxşı üsuldur”.