Dünya Bankı koronavirusunun yayılmasının təsirləri ilə bağlı açıqlama yayıb. Qurumun məlumatına görə, pandemiya 60 milyon insanı gündəlik 2 dollardan az pulla yaşamağa məcbur edəcək. Dünya miqyasında 1998-ci ildən bəri ilk dəfə yoxsulluq artacaq.
FED.az xəbər verir ki, Dünya Bank koronavirusunun yayılmasının iqtisadiyyatda “görünməmiş böhran” təsiri yaratdığını açıqlayıb.
Dünya Bankının prezidenti David Malpass bildirib ki, epidemiya iqtisadi fəaliyyəti dayandırıb: “Son illərdə yoxsulluqla mübarizədə qazandığımız uğurların çoxunu da sildi”.
Ölkələr arası pul transferi 20 faiz azalacaq
Dünya Bankı pandemiya başlayandan sonra dünya əhalisinin 70 faizini təşkil edən 100 inkişaf etməkdə olan ölkəyə yardım göndərib. Fiziki şəxslərə və şirkətlərə kreditlər və qrantlar verilərkən, dünyanın ən kasıb ölkələrinin borcları dayandırılıb.
Hesablamalara görə, mövsümi işçilər bu il işləmək üçün başqa ölkələrə gedə bilmədikləri üçün ölkələr arasında pul köçürmələri də 20 faiz azalacaq.
Ən böyük böhranın Afrikada olacağı gözlənilir.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Mişel Bachelet bildirir: "Ümid edirik ki, koronavirusun belə bir epidemiyanın öhdəsindən gələ bilməyən, dünyanın ən kasıb ölkələrinin vətəni olan Afrikadan yan keçər".
Dünya Bankının məlumatına görə, Afrika və Cənubi Asiya epidemiya səbəbiylə ən çox zərər çəkməsi gözlənilən bölgələrdir.