Azərbaycan əhalisinin bir hissəsi müqəddəs Ramazan ayında oruc tutur, bu dövrdə savab işlər görməyə və ibarətə üstünlük verir.
FED.az xəbər verir ki, ölkəmizdə orucluq və Ramazan bayramı ilə bağlı keçirilən sorğunun nəticələri belə deməyə əsas verir.
MTM (Media Təhlil Mərkəzi) tərəfindən keçirilən sorğuda 911 respondent iştirak edib, onların 50%-ni qadınlar, 50%-ni kişilər təşkil edib.
Ramazanda oruc tutanlar
Respondentlərin 47%-i hər il oruc tutduğunu, 24%-i isə ümumiyyətlə tutmadığını bildirib. İştirakçıların 21%-i müəyyən səbəblərə görə bəzən oruc tutmadığını, 5%-i yalnız bu il oruc tuta bilmədiyini deyib. Respondentlərin 3%-i bu il ilk dəfə oruc tutduğunu qeyd edib.
Ramazanda savab işlər
Növbəti sual iştirakçıların Ramazan ayını necə keçirmələri ilə bağlı olub. Sorğuda iştirak edənlərin 33%-i daha çox savab işlər görməyə çalışdığını, 18%-i daha çox ibadət etdiyini, 10%-i dini biliklərini artırdığını bildirib. Sualı cavablandıranların 19%-i həmin ayın digər aylardan fərqlənmədiyini deyib, 20%-i isə “Digər” variantını seçib.
Bayramı kim harada keçirir?
Ramazan bayramı ilə əlaqədar planlarını da açıqlayan respondentlərin 78%-i bayramı ailəsi ilə birgə keçirəcəyini, 3%-i istirahətə yollanacağını, 12%-i bayramı qeyd etməyəcəyini vurğulayıb. Bayramla əlaqədar fərqli planları olanlar isə sorğu iştirakçılarının 7%-ni təşkil edib.