Bir neçə gün sonra Ramazan ayı başa çatır. Təbii ki, hamı tətilləri səbirsizliklə gözləyir və istirahət etmək imkanı olanlar bu işi öncədən planlayırlar.
Eləcə də bax: Azərbaycanda otellərdəki yerlərin - 89%-İ BOŞ QALIB
Bəs insanlar Ramazan tətili ilə bağlı haraya üz tutsunlar? Rayonlarda otellərdə bronlaşdırma bitibmi? Dincəlmək üçün rayonlara üz tutanlar hansı istiqamətləri seçə bilərlər?
FED.az xəbər verir ki, Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, yerli turistlər bayram tətilini bir o qədər də öncədən planlamırlar:
“Hər kəs son dəqiqədə yer axtarır, bəzi hallarda bron etmədən belə yola çıxırlar. Baxmayaraq ki, Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri bu il yaz mövsümünə düşüb, ancaq regionlardakı hotellərdə bronlaşdırma Novruz bayramı günlərilə müqayisədə daha azdır.
Hotellərin bronlarına baxsaq, təxminən 90% yerli, 10% xarici turistlərdir”.
S.Dübəndinin fikrincə, hazırda seçimlər genişdir: “Ölkənin hər bir istiqamətində populyar turizm destinasiyaları formalaşıb - İsmayıllı, Qəbələ, Şəki, Lənkəran, Quba, Qusar və sair. Hotel seçimi də geniş olmağına baxmayaraq, beşulduzlu hotellər hələ də daha populyar olmaqda qalır.
Regionlarda əyləncələrin sayı azdır, ekskursiyalar azlıq təşkil edir, regional turizm şirkətləri məhdud saydadır və daha az xidmətlər təklif edirlər, bəziləri isə yalnız aviabiletlərin satışından başqa bir iş görə bilmirlər.
Hesab edirəm ki, biz daha çox ekoloji turlara, açıq səma altında təşkil olan turizm fəaliyyətlərinə, alternativ yerləşdirmə vasitələrinin yaranmasına, yerli icmaların turizm fəaliyyətlərinə qatılmalarına daha çox diqqət yetirməliyik. Bu sırada qastronomik turlar, kənd turizmini də yaddan çıxarmaq olmaz”.
Qurum rəsmisi qeyd edib ki, biz Azərbaycanda yeni turizm ənənələrinin yaranması ərəfəsindəyik, yəni ənənəvi istirahət üsulları digərlərilə əvəz ediləcək.
“Qiymətlərə gəldikdə, demək olar ki, burada da komfort səviyyəsindən asılı olaraq müxtəlif və geniş seçimlər var. Qiymətlər bazar iqtisadiyyatı ilə tənzimlənir. Yalnız baha və əsassız qiymətlər də görürük, bu isə turizmin əlçatanlığını azaldan, dayanıqlı inkişafı ləngidən amillərdəndir”, - deyə S.Dübəndi bildirib. (Oxu.az)