2022-ci ilin yanvar ayında Azərbaycanda sığorta şirkətlərinin ümumi sığorta haqları 118 milyon 233,7 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 13,7% çoxdur.
Eləcə də bax: Azərbaycanın sığorta bazarı - 14% BÖYÜYÜB
FED.az biznes və maliyyə xəbərləri portalı “İnterfaks-Azərbaycan”a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə sığorta haqları 100 milyon 38,5 min manat (artım 18,8%) və ya bazar üzrə bütün sığorta haqlarının 84,6%-ni təşkil edib. Sığortaçıların həyat sığortası üzrə sığorta haqları 25 milyon 163,2 min manat (artım 47,6%), qeyri-həyat sığortası üzrə sığorta haqları 74 milyon 875,3 min manat (artım 11,5%) təşkil edib.
Yanvarda icbari sığorta növləri üzrə sığorta haqları 18 milyon 195,2 min manat (azalma 8,3%) təşkil edib.
Hesabat aylarında sığortaçılar həyatın yaşam sığortası (22 milyon 694,5 min manat), könüllü tibbi sığorta (57 milyon 123,2 min manat) və daşınmaz əmlakən icbari sığortası (7 milyon 22,2 min manat) üzrə daha çox sığorta haqqı toplayıblar. Hesabat dövründə bu üç sığorta növü üzrə sığorta haqları sığortaçıların daxilolmalarının 73,4%-ni təmin edib.
Yanvar ayı ərzində sığortaçılar sığorta hadisələri üzrə ödənişlərə 16 milyon 623,3 min manat yönəldiblər ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 3,4 dəfə azdır.
Hesabat dövründə sığortaçıların könüllü sığorta növləri üzrə ödənişləri 9 milyon 429,3 min manat (azalma 3,9%) və ya bazar üzrə bütün ödənişlərin 56,7%-ni təşkil edib. Həyat sığortası üzrə ödənişlər 4 milyon 849,6 min manat (azalma 5,8 dəfə), qeyri-həyat sığortası üzrə ödənişlər 4 milyon 579,7 min manat (azalma 1,9 dəfə) məbləğində olub.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər 7 milyon 194 min manat (azalma 2,7 dəfə) təşkil edib.
Bu dövrdə sığortaçılar həyatın yaşam sığortası (4 milyon 581,2 min manat), könüllü tibbi sığorta (3 milyon 226,8 min manat) və avtomobil nəqliyyatı vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (6 milyon 511,9 min manat) üzrə daha çox ödəniş həyata keçiriblər. Hesabat dövründə həyatın yaşam sığortası üzrə ödənişlər 2021-ci ilin yanvar ayı ilə müqayisədə 6,1 dəfə azalıb.
Bütövlükdə, hesabat dövründə bu üç sığorta növü üzrə ödənişlər bazar üzrə bütün ödəmələrin 86,1%-ni təmin edib.
Yanvarın sonuna Azərbaycanda 20 sığorta şirkəti fəaliyyət üçün lisenziyaya malik olub.