2019-cu ilin yanvar-iyun aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 361.3 mln. manat məbləğində sığorta haqları toplanıb, 119.1 mln. manat məbləğində sığorta ödənişləri həyata keçirilib.
Palatadan FED.az-a verilən məlumata görə, Könüllü sığorta bazarı üzrə haqlar 241.8 mln. manat, ödənişlər isə 83.3 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 119.5 mln. manat, ödənişlər isə 35.8 mln. manat olub.
Eləcə də bax:"Azərbaycan Sənaye Sığorta" Gəncə ofisini yenilədi
2019-cu ilin yanvar-iyun aylarında sektor üzrə məcmu sığorta haqlarının 66.9%-i könüllü, 33.1%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 69.9%-i könüllü, 30.1%-i icbari sığorta növləri hesabına formalaşıb.
Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə qeyri-həyat sığortasının könüllü növləri üzrə sığorta haqlarında 3% (3.9 mln. manat), icbari növləri üzrə sığorta haqlarında 7% (5.9 mln. manat) artım müşahidə edilmişdir. Qeyd edək ki, qeyri-həyat sığortası növündə artım əsasən tibbi sığorta üzrə 19% (10.4 mln. manat), avtonəqliyyat vasitələrinin sığortası üzrə 31% (3.9 mln. manat ), avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 6% (2.7 mln. manat) və daşınmaz əmlakın icbari sığortası üzrə isə 17% (2.6 mln. manat) olub.
Bundan əlavə həyat sığortasının icbari növü üzrə isə artım 19% (4.1 mln. manat) qeydə alınmışdır.
2019-cu ilin yanvar-iyun ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.