Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində dağıntılara görə sığorta şirkətlərinin ödənişləri başlayıb.
Türkiyədə zəlzələdə dağılan binalarla bağlı - 325 NƏFƏR HƏBS EDİLDİ
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Təbii Fəlakət Sığorta Təşkilatı (DASK) açıqlama yayıb.
Təşkilatın xəbərinə görə, mərkəzi Kahramanmaraş olan zəlzələlərdən sonra indiyədək 17 milyard 121 milyon 548 min 456 lirə zərər ödənilib.
İndiyədək zərər bildirişləri sayı 450 min 932 olub. Ödənilən məbləğin isə qarşıdakı günlərdə artacağı gözlənilir.
İndiyədək ödənilən məbləğ isə 17,1 milyard lirə və ya 880 milyon dollardır.
Bununla yanaşı, DASK bildirir ki, zəlzələ baş verən ərazilərdə sığortalanma dərəcəsi olduqca aşağıdır. Belə ki, sığorta dərəcəsi Qaziantepdə 64%, Şanlıurfada 52%, Diyarbəkirdə 34%, Adıyamanda 43%, Kilisdə 59%, Adanada 47%, Kahramanmaraşda 52%, Osmaniyədə 43%, Malatyada isə 52%-dir.
Artıq Türkiyədə bəzi KİV-lər bildirir ki, əmlakını sığorta etməyənlərə zəlzələ yardımı verilməyəcək. Belə ki, Türkiyədə qəbul edilmiş «İctimai həyata təsir edən fəlakətlər nəticəsində görüləcək tədbirlərlə bağlı görüləcək yardımlar haqqında» qanuna əsasən, icbari zəlzələ sığortası (DASK) olmayanlar dövlətin zəlzələ yardımını ala bilməyəcək.
Nəticədə, sığortası olmayanların dövlət tərəfindən tikiləcək evləri 20 ilədək hissə-hissə almaq hüququ yoxdur.