1 iyun 2023 –cü il tarixindən Daşınmaz Əmlakın İcbari Sığortası və Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası növləri üzrə sığorta şəhadətnamələri elektron qaydada tərtib olunacaq.
"Bu il daşınmaz əmlakın icbari sığortası üzrə 100 milyon manatlıq yığım gözlənilir"
Bu barədə FED.az-a İcbari Sığorta Bürosundan (İSB) məlumat verilib.
Büronun açıqlamasında bildirilir ki, 2022-ci ilin sonunda “İcbari sığortalar haqqında” qanunda edilmiş dəyişikliklərin tələbləri nəzərə alınaraq Büro ilə İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemləri arasında aparılan inteqrasiya işləri yekunlaşdırılmış, əmlakın sığortalanması ilə əlaqədar lazımi məlumatların müvafiq dövlət qurumundan alınması təmin edilmişdir.
Müvafiq növlər üzrə sığorta şəhadətnamələrinin elektron tərtib edilməsi üçün əmlakın çıxarışının reyster nömrəsi və qeydiyyat nömrəsi portala daxil ediləcəkdir. Daha sonra müvafiq veb servis ilə elektron qaydada əmlakın digər məlumatları Dövlət Əmlak Xidmətindən əldə ediləcəkdir.
Şəhadətnamələr sığorta şirkətləri tərəfindən təsdiq edilərək və elektron vasitələrlə imzalanacaqdır. Ödəniş kodu sığortalıya sms vasitəsi ilə göndərildikdən sonra Hökümət Ödəniş Portalı vasitəsi ilə sığorta haqqının ödənişi təmin edilməlidir. Ödənişin həyata keçirilməsindən sonra şəhadətnamə qüvvəyə minəcəkdir.
Müvafiq elektron informasiya sistemləri ilə inteqrasiyaların tamamlanmasından sonra elektron şəhadətnamə ilə bağlı məlumatlar Büronun məlumat bazasında mövcud olmaqla, vətəndaşların şəxsi kabinetlərində də məlumatların əlçatanlığı təmin ediləcəkdir. Elektron informasiya sistemində məlumatların mövcud olması müvafiq icbari sığorta növü üzrə sığortalanmağa nəzarəti həyata keçirən orqanlara müvafiq məlumatın ötürülməsini asanlaşdıracaqdır.
“Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növlərinin elektronlaşdırılması yekunlaşdırılmış, “Sərnişinlərin icbari fərdi qəza sığortası” nın elektronlaşdırılması istiqamətində isə işlər intensiv olaraq davam etdirilir. Yaxın zamanlarda yeniliklərin içtimaiyyətə təqdim edilməsi nəzərdə tutulur.