Dövlət icbari şəxsi sığorta haqlarının məbləğləri açıqlanıb.
Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası - TƏSDİQ EDİLİB
FED.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun bu gün təsdiqlədiyi "Sığortalıların təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların və sığortalıların sığortaçıda uçotu, habelə sığortalılar tərəfindən dövlət icbari şəxsi sığorta haqlarının hesablanması, sığortaçıya ödənilməsi, ödənilməsinə nəzarət və artıq ödənilmiş dövlət icbari şəxsi sığorta haqlarının qaytarılması qaydası”nda əksini tapıb.
Qaydaya əsasən, Sığortaolunanlar üzrə sığorta haqları Qanunlara əsasən aşağıdakı miqdarda müəyyən edilir:
-Azərbaycan Respublikası Milli Məclisinin deputatları - 5 (beş) illik vəzifə maaşı məbləğinin 1 (bir) faizi miqdarında;
-hakimlər, prokurorluq işçiləri (hərbi prokurorluq orqanlarının işçiləri istisna olmaqla), müstəntiqlər, ədliyyə, miqrasiya orqanlarında qulluq keçən, təhqiqat aparan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən şəxslər, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasını, ictimai qaydanın mühafizəsini təmin edən, gömrük işini təşkil edən işçilər və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin vəzifəli şəxsləri -5 (beş) illik əməkhaqqı məbləğinin 1 (bir) faizi miqdarında;
- Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat orqanlarında, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərində, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər və mülki müdafiə qüvvələrinin şəxsi heyəti - on bir min manat sığorta məbləğinin 1 (bir) faizi miqdarında;
Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşları və inzibati-texniki xidməti həyata keçirən şəxslər:
- diplomatik nümayəndəliklərin və konsulluqların başçısı - on bir min manat sığorta məbləğinin 0,3 faizi miqdarında;
- diplomatik nümayəndəliklərdə və konsulluqlarda digər diplomatik vəzifə tutan şəxslər - altı min altı yüz manat sığorta məbləğinin 0,3 faizi miqdarında;
- inzibati-texniki xidməti həyata keçirən şəxslər - dörd min dörd yüz manat sığorta məbləğinin 0,3 faizi miqdarında.