Azərbaycan Mərkəzi Bankı sığorta bazarına nəzarətlə bağlı planlarını açıqlayıb.
FED.az xəbər verir ki, bu AMB-nin 2020-ci il və ortamüddətli dövr üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə bəyanatında bildiriir.
Bəyanatda deyilir ki, 2020-ci ildə sığorta sektorunda effektiv tənzimləmə və nəzarəti təmin etmək, icbari və könüllü sığorta sistemlərinin inkişafı ilə maliyyə bazarlarının digər seqmentlərinin inkişafına əlavə impulslar verilməsi Mərkəzi Bankın vacib prioritetlərindən olacaqdır.
Sığorta sisteminin əhatə dairəsinin genişləndirilməsi, sığorta yığımlarının artırılması, yeni sığorta alətlərinin tətbiqi, sığorta nəzarəti sisteminin təkmilləşdirilməsi, sığortalıların hüquqlarının qorunması, hüquqi və fiziki şəxslərin könüllü sığortadan istifadəsinin təşviqi, sığorta sistemində neqativ halların qarşısının alınması ilə sektora edimadın artırılması kimi istiqamətlərdə fəaliyyət göstəriləcəkdir. Qeyd olunan istiqamətlərdə irəliləyişə nail olmaq üçün sığorta fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi işləri görüləcəkdir.
Önümüzdəki ildə yeni institusional əsaslarda kənd təsərrüfatı sığortasının inkişafı ölkədə aqrar sektorun inkişafına mühüm dəstək olacaq, bu sahədə defolt risklərinin diversifikasiyasına şərait yaratmaqla uzunmüddətli investisiya planlaşdırılmasına təkan verəcəkdir.
Nəzarətin təkmilləşdirilməsi məqsədi ilə sığortaçıların, sığorta vasitəçilərinin, o cümlədən xarici sığortaçıların və xarici sığorta brokerlərinin, onların Azərbaycandakı nümayəndəliklərinin, sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslərin reyestrinin aparılması təmin ediləcəkdir. Sığorta ilə bağlı təbliğat-təşviqat işlərinin davam etdirilməsi, nəzarət çərçivəsində sığortaçılarda səyyar yoxlamaların həyata keçirilməsi də planlaşdırılır.