2021-ci ildə «A-Qroup» sığorta şirkətinin KASKO sığortası üzrə yığımlarında 81% artım baş verib.
Bu barədə FED.az-a müsahibəsində şirkətin sədri Abas Misgərli məlumat verib.
Eləcə də bax: «A-Qrup» sığorta mənfəət açıqladı – HESABAT
Onun sözlərinə görə, şirkətin icbari sığorta növləri sisteminə qoşulması təkcə icbari deyil, digər sığorta növlərinin də artımına səbəb olub: «Birincisi, bu bizə sığorta xidmətlərinin çeşidini genişləndirməyə imkan yaratdı. Son illər ərzində sığortanın digər növlərini fəal şəkildə inkişaf etdiririk. Bunun sayəsində 2021-ci ildə KASKO üzrə 81%, əmlak sığortasında 52%, müxtəlif məsuliyyət növləri üzrə sığortada 39% artım qeydə alınmışdır. Pandemiyaya baxmayaraq, inkişafı qoruyub saxlamağımız çox vacib məsələdir».
Digər tərəfdən «A-Qroup» sığorta şirkətinin regionlarda da fəaliyyəti genişlənib: «A-Qroup indi ölkənin bütün regionlarında təmsil olunur və bu, gələcək inkişaf üçün yaxşı potensialdır».
Satışların artmasına baxmayaraq şirkət sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı məşhur olduğu keyfiyyəti və operativliyi qoruyub saxlayır: «Avtomobil sığortası ilə bağlı da fəxrlə danışa bilərik. Hər ay bizdə KASKO üzrə 50-60 sığorta hadisəsi qeydə alınır. Bu hallarda zərərin ödənilməsi üçün orta müddət 3 gün təşkil edir. İnanın ki, bu çox yaxşı göstəricidir».
Sədrin sözünə göjrə, nəticədə şirkətə demək olar ki, şikayət daxil olmur, yalnız müştərilərin razılığı bildirilir: «Qeyri-təvazökar səslənə bilər, amma demək olar ki şirkətə hər hansı şikayət daxil olmur, əksinə, sığortalılardan ayda bir neçə dəfə təşəkkür zəngləri qəbul edir və elektron təşəkkür məktubları alırıq, hətta bəziləri minnətdarlıq əlaməti olaraq əməkdaşlarımıza müxtəlif şirniyyatlar göndərirlər».