İcbari Sığorta Bürosu (Büro) elektronlaşma hədəflərinin yerinə yetirilməsi üzrə işləri uğurla davam etdirir.
Eləcə də bax: Kiçik avtomobillərin böyük sığorta problemi - NİYƏ HƏLLİNİ TAPMIR?
Büronun İnformasiya Sistemində bağlanmış elektron icbari sığorta müqavilələri və sığorta hadisələri barədə məlumatların əldə edilməsi üçün yaradılan şəxsi sığorta kabinetinin imkanları genişləndirilir. Büro şəxsi kabinetindən daha çox vətəndaşın istifadə edə bilməsi üçün ASAN Login sistemi ilə inteqrasiyanı tam yekunlaşdırmışdır.
Qeyd edilib ki, şəxsi kabinetlərə giriş imkanının e-imzalar ilə məhdudlaşdırılması e-imza sahibi olmayan vətəndaşların şəxsi kabinetdən istifadəsinə maneə yaradırdı.
ASAN Login sistemi ilə Büronun informasiya sistemləri arasında məlumat mübadiləsinin qurulması nəticəsində identifikasiya nömrəsinə sahib 3 milyona yaxın vətəndaş sığorta müqaviləsi və sığorta hadisəsi üzrə məlumatlarını şəxsi kabinet vasitəsilə izləyə bilmək imkanına sahib olacaqdır.
İSB-nin informasiya sistemində 5 icbari sığorta növü mövcuddur: Bu növlərin ikisi - “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü artıq elektronlaşdırılıb. “Daşınmaz əmlakın icbari sığortası”, “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası”, və “Sərnişinlərin icbari fərdi qəza sığortası” növlərinin elektronlaşdırılması istiqamətində isə işlər aparılmaqdadır. Yeniliklər yaxın vaxtlarda içtimaiyətə təqdim ediləcəkdir.