Azərbaycan sığorta şirkətləri həm agentlər vasitəsilə, həm də onlayn qaydada bəzi avtomobillərin icbari sığortasını dayandırıb.
Eləcə də bax: Avtosığorta ilin ilk yarısında sektor üçün - Ən Zərərli Sahə Olub
FED.az xəbər verir ki, bu barədə bazar iştirakçıları olan sığorta agentləri bildiriblər. Bu məsələ, həmçinin sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Sığorta agentləri bildirirlər ki, əvvəllər onlara qeyri-rəsmi 2.0 l mühərrikə kimi avtomobilləri sığortalamaq qadağan edilmişdirsə, indi hətta bəzi sığorta şirkətləri bu limiti 2,5-3 L mühərrikli avtomobillərə şamil edirlər, bəzi şirkətlər isə yük maşınlarını da sığortalamaqdan imtina edir. Bildirilib ki, bununla belə sığorta şirkətləri bəzi agentlərə sürücülərdən əlavə pul almaqla "qara siyahı"ya salınmış avtomobilləri sığortalamağa icazə verib.
Regionlarda fəaliyyət göstərən sığorta agentləri isə qeyd edirlər ki, hazırda sığorta şirkətlərinin filiallarında da kiçik mühərrikli avtomobilləri sığortalamaq mümkün deyil: "Belə çıxır ki, Xaçmazda və ya Qazaxda yaşayan vətəndaş avtomobilini sığortalamaq üçün bir neçə yüz kilometr yol gəlib baş ofisdə avtomobilini sığortalamalıdır."
İddiaların doğruluğunu onlayn fəaliyyət göstərən sığorta agentliklərinin avtomobillərin icbari sığortası üzrə təklif etdikləri sığorta şirkətlərinin sayında da görmək olar. Sığorta agentlikləri 14 şirkətdən yalnız 1-i üzrə xidmət təklif edir. "Həmin şirkət vasitəsilə avtomobili sığortalamaq istədikdə sistem xəta göstərir. Əlavə ödəniş verib, avtomobili sığortalamışam", - deyə avtomobil sahibi əlavə edib.
Sığorta eksperti İlkin İbrahimov isə baş verən prosesin qanun pozuntusu olduğunu və sığorta şirkətlərinin məsuliyyətə cəlb edilməli olduğunu deyib: "Gözlənilirdi ki, sığorta haqqının hesablanması ilə bağlı yeni qayda tətbiq edildikdən sonra vəziyyət düzələcək. Amma əksi baş verir. İlk növbədə bu məsələ istehlakçıların hüquqlarının pozulmasıdır. Eyni zamanda, Mülki Məcəllə və "İcbari Sığortalar haqqında" qanunun tələblərinin pozulmasıdır. Burda isə kobud pozuntular var. Sığorta şirkətləri ya qanuna əməl etməlidir, ya da şərt kimi bunu agent qarşısında qaldırırsa Mərkəzi Bank müdaxilə etməlidir. Mərkəzi Bank bildirir ki, belə şey baş verə bilməz amma hər şey göz önündədir".
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankından isə bildirilib ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 3.4-cü və “İcbari sığortalar haqqında” Qanunun 23.3-cü maddələrinə əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Bununla belə, sığorta bazarında avtoicbari üzrə bəzi marka və model avtomobillərin sığortaçılar tərəfindən sığortalanmasından imtina edildiyinə dair şikayətlər Mərkəzi Banka daxil olduqda müraciət edən vətəndaşların icbari sığortalanması dərhal təmin edilir.
Ümumilikdə, Mərkəzi Banka daxil olmuş istehlakçı müraciətləri əsasında tərəfimizdən sığorta bazarının ümumi monitorinqi aparılır və istehlakçıların qanuni mənafelərinin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan bütün mümkün nəzarət tədbirləri həyata keçirilir.
AMB-dən həmçinin əlavə edilib ki, avtoicbari müqavilələrin qeyri-qanuni yolla bağlanmasına dair Mərkəzi Banka bugünədək hər hansı məlumat daxil olmayıb: "Belə hallar olduğu təqdirdə müvafiq şəkildə Mərkəzi Banka müraciət edilməsi xahiş olunur. Sığorta sektorunda tənzimləmə və nəzarətin sığorta qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi, həmçinin istehlakçıların qanuni mənafelərinin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən mütəmadi olaraq lazımi tədbirlərin görülməsi davam etdiriləcək". (Apa)