Azərbaycanda hər 10 əmlakdan biri icbari sığortalanıb.
"Azərbaycanda katastrofik risklərin hesablanması modeli yaradılacaq"
FED.az xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun İcraçı Direktoru Rəşad Əhmədov Bakıda keçirilən Katastrofik Risklərə Qarşı Dayanıqlı Maliyyə Sistemi Konfransında bildirib.
O bildirib ki, Türkiyədə baş verən son zəlzələ zamanı dəyən ziyanın həcmi 103 milyard dollara çatıb. Bu baxımdan demək olmaz ki, potensial risk zamanı Türkiyədə 103 milyard dollar zərər ortaya çıxıbsa, Azərbaycanda bu rəqəm 10 milyard dollar olacaq. Bu yanaşma doğru deyil. Zərərlər bir-birinə yaxın ola bilər.
Onun sözlərinə görə, əgər təkrarsığorta mexanizmi düzgün işləmirsə, risklər sığorta şirkətlərinə düzgün ötürülmürsə, bu dövlət üzərində ciddi bir maliyyə yükü əmələ gətirə bilər. Bu da ölkənin iqtisadi stabilliyini poza bilər. "Bu halların baş verməməsi üçün qoruma qalxanın yaradılmasına ehtiyac var. Elmi hesablamalar düzgün bir şəkildə aparılmalıdır. Təkrarsığortaya ötürülən risklər düzgün müəyyən edilməlidir. Bunun üçün Türkiyənin doğru təxmin modelləri ortaya qoyan şirkətləri ilə əməkdaşlıq çərçivəsində Azərbaycan üçün müvafiq modelin hazırlanmasını təmin edəcəyik. - deyə Rəşad Əhmədov bildirib.