8 may 2023-cü il tarixində "Meqa Sigorta" və “Meqa Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının yığıncağı keçirilib.
“Meqa Həyat Sığorta” 2022-ci il üzrə uğurlu maliyyə nəticələrini - AÇIQLAYIB
FED.az xəbər verir ki, şirkətin yeni strateji inkişaf planlarına uyğun olaraq iclasda qəbul edilən qərara əsasən "Meqa Sigorta" və “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətində dəyişikliklər edilib.
Uğur İbrahimli “Meqa Sığorta” ASC-nin İdarə Heyətinin sədri, Emil Ağamaliyev isə “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrinə təyin edilib.
Uğur İbrahimli 15 ildən artıqdır ki, sığorta sektorunda çalışır. 2006-2014-cü illərdə Atəşgah sığorta şirkətində anderraytinq və təkrarsığorta üzrə müxtəlif vəzifələrdə, 2015-2021-ci illərdə “Meqa Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini, 2021-ci ildən son təyinatına qədər “Meqa Həyat Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifələrini icra edib. Xaricdə Təhsil Dövlət Proqramı ilə İngiltərənin Bayes Biznes Məktəbində “Sığorta və Risklərin idarə edilməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar İnstitutunun doktorantı, Böyük Britaniya Sığorta İnstitutunun (Chartered Insurance Institute - CII) ACII diplomlu üzvü və Azərbaycan üzrə xoşməramlı səfiridir.
Emil Ağamaliyev 2010-cu ildən sığorta sektorunda fəaliyyət göstərir. 2010-2021-ci illərdə “Meqa Sığorta” ASC-də anderraytinq və aktuariat üzrə müxtəlif vəzifələrdə, 2021-2023-cü illərdə “Meqa Həyat Sığorta” ASC-də İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat və Menecment ixtisasının bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Amerika Aktuarilər Assosiasiyasının (SOA) proqramına uyğun təşkil olunmuş aktuari kurslarını bitirdikdən sonra məsul aktuari kimi fəaliyyət göstərib. Əsas ixtisaslaşma sahəsi proqramlaşdırma, aktuariat, risklərin qiymətləndirilməsi və lahiyələrin idarə olunmasıdır.
Qeyd edək ki, “Meqa Sığorta” ASC 2010-cu ildən, “Meqa Həyat Sığorta” ASC isə 2021-ci ildən fəaliyyət göstərir.