“Meqa Həyat Sığorta” ASC 2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq audit olunmuş maliyyə hesabatlarını ictimaiyyətə açıqlayıb.
FED.az xəbər verir ki, şirkətin maliyyə hesabatlarına əsasən 2022-ci il üzrə "Meqa Həyat Sığorta " ASC-nin cəmi gəlirləri 2 milyon 230 min manat, cəmi xərcləri isə 1 milyon 512 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə şirkətin cəmi gəlirləri 951 min manat, cəmi xərcləri isə 724 min manat olmuşdu.
2022-ci ildə şirkət təqdim etdiyi həyat sığorta məhsulları üzrə ümumilikdə 2 milyon 402 min manat sığorta haqqı toplamışdır ki, bu da 2021-ci ilin göstəriciləri (442 min manat) ilə müqayisədə 5 dəfədən çox artım deməkdir.
“Meqa Həyat Sığorta” ASC ötən il 1 milyon 178 min manat investisiya gəliri əldə edib. Şirkətin 2021-ci ildə əldə etdiyi investisiya gəliri 841 min manat olmuşdu. Beləliklə, 2021-ci illə müqayisədə 2022-ci ildə şirkətin investisya gəlirləri 40% artmışdır.
2022-ci ildə şirkətin xalis mənfəəti də 2021-ci illə müqayisədə 3 dəfədən çox artaraq 574 min manat təşkil etmişdir. 2021-ci ildə bu rəqəm cəmi 182 min manat idi.
Qeyd edək ki, 2021-ci ildə 11.000.000 manat nizamnamə kapitalı ilə təsis edilən “Meqa Həyat Sığorta” ASC İcbari Sığorta Bürosunun üzvü və Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləşməsi üzrə müvəkkil sığortaçısıdır. “Meqa Həyat Sığorta” müştərilərə müxtəlif həyat sığortası məhsulları, o cümlədən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”, “İnvestisiya və yığım elementli Həyatın Yaşam Sığortası”, “İpoteka krediti / İstehlak krediti götürən şəxslərin həyat sığortası”, “Kritik xəstəliklərdən sığorta” və digər fərdi və korporativ həyat sığortası məhsulları təklif edir.