Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah Sığorta" şirkətinin yığımları artıb.
FED.az saytı Mərkəzi Bankın cari ilin yanvar-noyabr ayları üzrə açıqladığı rəqəmlər əsasında hazırladığı hesabata istinadən xəbər verir ki, şirkət bu dövr ərzində topladığı sığorta haqlarının həcmini 39,117 mln. manata çatdırıb.
Apardığı hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 12,152 mln. manat və ya 45,1% artım olub. Onu da qeyd edək ki, ötən ilin eyni dövründə "Atəşgah Sığorta" şirkəti 26,964 mln. manat sığorta haqqı toplamışdı.
Sığorta şirkətinin ödənişlərində də 1,344 mln. manat, yəni 10% artım baş verib. Qeyd olunan dövr ərzində şirkət tərəfindən zərərçəkmiş müştərilərə 15,315 mln. manat həcmində sığorta ödənişi verilib. Ötən ilin eyni dövründə bu rəqəm 13, 970 mln. manat idi.
Hesabat dövründə “Atəşgah Sığorta" şirkətinin ümumi portfeldə zərərliliyi 39% təşkil edib.