Kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin cari hesablarında olan 20 min manatlıq hissəsinin sığortalanması təxminən 50 milyon manat vəsaiti əhatə edəcəyi ehtimal olunur.
Eləcə də bax: "Əmanətlərin sığorta limiti bankların reytinqinə əsasən təyin eilə bilər"
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Tural Piriyev deyib.
Onun sözlərinə görə, bu, sahibkarların banka olan inam və etibarını, eyni zamanda sözügedən rəqəmi artıracaq.
"Biz ilk növbədə, fiziki şəxslərin depozitləri üzrə 30 min manat limit qoyularkən əhalinin daha həssas təbəqəsini qorumağa çalışırdıq. Bu missiyanı yerinə yetirdikdən sonra ikinci etap olaraq daha kiçik sahibkarların hüquqlarını da qorumaq niyyətindəyik. Biz o kateqoriyalı məbləğləri araşdırdıq və təxminən 50 milyon manatlıq bir vəsaitin 20 min manatlıq limit çərçivəsinə daxil olacağını ehtimal edirik. Bu rəqəm oktyabr ayına olan rəqəmdir və qüvvədədir. Gələcəkdə rəqəm, yəqin ki, artacaq", - deyə T. Piriyev qeyd edib.
Fondunun icraçı direktoru əlavə edib ki, əmanətlərin tam sığortalaması proseduru 2021-ci ilin aprel ayının 5-i tarixinədək qüvvədə qalacaq. Həmin tarixdən sonra əgər qanun layihəsi qəbul olunsa, əmanətlərin limitli sığortalanması mexanizminə keçirilə bilər.
"Bu qanunvericilik qüvvədə olmamışdan daha öncə əmanətlərin 30 min manatadək hissəsi sığortalanırdı. Biz bu limitin 100 min manatadək artırılmasını təklif etdik. Qanun layihəsi qəbul olunarsa, bundan sonra "Əmanətlərin sığortalaması haqqında" Qanuna müəyyən dəyişikliklər olunacaq və aprel ayından etibarən artıq sığortalanmış əmanətlərin həcmi 30 min manatdan 100 min manatadək artırılacaq", - deyə T. Piriyev bildirib.(APA)