Sığorta sahəsində insanların maarifləndirilməsi proqramını özünə fəaliyyətinin əsas hədəflərindən biri seçən, ölkənin sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri bu istiqamətdə sosial layihələrini uğurla davam etdirir. Hər iki şirkət sözügedən proqram çərçivəsində daha bir layihəni başa çatdırıb.
Eləcə də bax: “Qala Sığorta” ASA-nın Müşahidə Şurasına – ÜZV SEÇİLDİ
İctimaiyyətlə Əlaqələr xidmətindən FED.az-a verilən məlumata görə, Bakının T.Həsənov adına 23 saylı tam orta məktəb-liseyində təşkil olunan tədbirdə şagirdlər üçün “Qala Sığorta” və “Qala Həyat”ın əməkdaşları tərəfindən “sığorta nədir?”, “sığortanın növləri”, “sığortanın faydası” və digər mövzularda maarifləndirmə xarakterli təqdimat keçirilib. Tədbir zamanı sığorta ilə bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb və onlarla bu sahədə geniş müzakirələr aparılıb.
Qeyd edək ki, “Qala Sığorta” və “Qala Həyat” sığorta şirkətləri sosial məsuliyyət prinsiplərini əsas tutur, bu kimi sosial layihələrdə daima təşəbbüskarlıq göstərərək nəinki layihələri təşkil edir, eyni zamanda bu xarakterli mövcud aksiyalara dəstək olurlar. Hər iki şirkət korporativ sosial məsuliyyətini daha dərindən düşünərək cari ildə də analoji layihələrə, o cümlədən sığortanın əhali arasında təbliğatı ilə yanaşı ,qəfil və gözlənilməz hadisələrin qarşısının alınması yönündə insanları maarifləndirmə işlərinin gücləndirilməsi üçün nəzərdə tutulmuş tədbirlər planının icrasını həvəslə yerinə yetrimək niyyətindədir.
Xatırladaq ki, bazarda geniş çeşidli məhsulları ilə tanınan “Qala Sığorta” ilə “Qala Həyat” aidiyyatı qurum olan və müvafiq olaraq qeyri-həyat və həyat sahələrində fəaliyyət göstərən sığorta şirkətləridir. Sığorta bazarında ilk və yeganə müstəsna təkrarsığorta fəaliyyəti ilə məşğul olan “AzRe Təkrarsığorta” ASC hər iki şirkətin səhmdarıdır.
“Qala Sığorta” sığorta bazarında 1998-ci ildən , “Qala Həyat” isə 2010-ci ildən fəaliyyət göstərir.