Azərbaycan sığorta bazarının aparıcı şirkətlərindən olan “Qala Sığorta” ASC daha bir qurumun Müşahidə Şurasına üzv seçilib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən FED.az-a verilən məlumata görə, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin Müşahidə Şurasının üzvləri sırasında edilən dəyişiklik nəticəsində “Qala Sığorta” sözügedən İctimai Birliyin Müşahidə Şurasına üzv kimi qəbul edilib.
Eləcə də bax: “Qala Sığorta” ötənilki uğurlu fəaliyyəti ilə bağlı – HESABATINI AÇIQLADI
Sığorta bazarının aparıcı oyunçularından olan “Qala Sığorta” ASA-nın Müşahidə Şurasına üzv olmaqla ölkədə fəaliyyət göstərən və birliyin üzvləri olan sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə öz töhfəsini verməklə yanaşı, sığorta bazarında olan problemlərin təhlili və eyni zamanda qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində innovativ və produktiv həllərin tapılmasında əməli dəstəyini əsirgəməyəcəkdir. Hazırda 20 sığorta şirkəti, 1 təkrarsığorta şirkəti və 5 hüquqi şəxs sığorta vasitəçisi "Azərbaycan Sığortaçılar Assosiasiyası" İB-nin üzvüdür.
Qeyd edək ki, “Qala Sığorta” ASA-nın Müşahidə Şurasına üzvlüklə yanaşı, AmCham (Azərbaycandakı Amerika Ticarət Palatası), Azərbaycan Respubklikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və Caspian European Club-un (Caspian Business Club) aktiv üzvləri sırasında təmsil olunur.
Xatırladaq ki, 20 illik fəaliyyət tarixinə malik olan “Qala Sığorta” 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə,qısa müddətə sığorta bazarında geniş çeşidli məhsullarla ən dinamik inkişaf edən yerli sığorta şirkətidir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis, 1 filial və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 27 növü üzrə, o cümlədən 23 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.